Bolqarıstan sahillərində hücuma məruz qalan konteyner gəmisi batıb
Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında hücuma məruz qalan Yunanıstana məxsus “Contship Jet” konteyner gəmisi oktyabrın 29-da gecə saatlarında batıb. Hadisə gəminin üç dəniz dronu ilə vurulmasından təxminən 12 saat sonra baş verib.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, İsrailin “ZIM” şirkəti gəminin onun çarterində olduğunu təsdiqləyib. Şirkətin məlumatına görə, gəminin bütün heyət üzvləri xilas edilib və hazırda Bolqarıstandadırlar.
18 min ton dedveytə malik gəmi batarkən göyərtəsində 421 konteyner olub. Onların arasında litium-ion batareyaları, aşındırıcı mayelər, turşular və sənaye komponentlərinin olduğu bildirilir.
Gəmi Varna limanından təxminən 17 dəniz mili şərqdə batıb. Bolqarıstan hərbçiləri hücumun araşdırıldığını, lakin hələlik şübhəlilərin müəyyən edilmədiyini bildiriblər.
Bu, son həftələrdə Bolqarıstanın müstəsna iqtisadi zonasında hücuma məruz qalan azı beşinci ticarət gəmisidir.

