Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

-da Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu keçir

ABŞ-ın paytaxtı Vaşinqtonda  26-27 iyun tarixlərində Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu keçirilib. Forumun əsas məqsədi Trans-Xəzər nəqliyyat dəhlizi dövlətləri – Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan və Türkmənistan – tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır. Nüfuzlu Corc Vaşinqton Universitetində keçirilən və bu universitetin Mərkəzi Asiya Proqramı və Xəzər Siyasət Mərkəzinin ev sahibliyi etdiyi  forumun ilk günündə 200 nəfərədək ABŞ dövlət qurumları, akademik çevrələr, biznes və siyasi dairələr, diplomatik korpusun nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən ABŞ Kommersiya katibinin köməkçisinin Avropa üzrə müavini  Deyl Taşarski müasir İpək Yolunun vacib komponenti olan Trans-Xəzər dəhlizinə ölkəsinin dəstəyini ifadə edib. O, bu dəhlizin Şərq-Qərb yükdaşımalarının həyata keçirilməsində fundamental rolunu vurğulayıb. Daha sonra Taşarski Trans-Xəzər dəhlizi ölkələrini dəstəkləmək üçün ABŞ Kommersiya Departamentinin proqramlarını sadalayıb. O, cari ilin oktyabrında ABŞ ticarət missiyasının Azərbaycan və Gürcüstana səfər edəcəyini deyib. Bundan sonra Azərbaycan və forumun digər təşkilatçı dövlətlərinin ABŞ-dakı səfirləri çıxış ediblər. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz çıxışında ölkəmizin müasir İpək Yolunun canlandırılmasına böyük dəstəyinə diqqəti çəkərək, mövcud  infrastruktur layihələri və nəqliyyat şirkətləri, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Lİmanı, Beynəlxalq Hava Lİmanındakı Bakı Karqo Terminalı, “Silk Way”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin oynadığı xüsusi rolu vurğulayıb. Daha sonra o, Trans-Xəzər dəhlizində yerləşən ölkələrlə sərhəd keçid və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə dair görülən işlər barədə danışıb. Trans-Xəzər dəhlizinin müasir İpək Yolunun mühüm komponentinə çevrilməkdə olduğunu qeyd edən səfir bu nailiyyətin sözügedən dəhliz ölkələrinin birgə fəaliyyəti nəticəsində əldə olunduğunu qeyd edib. Bu dəhlizin inkişafı Azərbaycan və digər dəhliz ölkələrini eyni zamanda biznes, idman və mədəniyyət mərkəzinə də çevrilməsinə yardım etdiyini qeyd edən səfir Süleymanov buna bariz nümunə kimi bu günlərdə Bakıda keçirilən “Forumula 1” yarışını göstərib. Ölkəmizin regional mərkəzə çevrilməsində Azərbaycan prezidenti  İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətini qeyd edən səfir 1998-ci ilin sentyabrında ilk dəfə müasir İpək Yolunun canlandırılmasına həsr olunmuş konfransın Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirildiyini xatırladıb. Daha sonra çıxış edən Əfqanıstan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistanın ABŞ-dakı diplomatik nümayəndəlik rəhbərləri Trans-Xəzər dəhlizinin üstünlükləri və görülən işlər barədə danışıb, həmçinin bu Forumun ABŞ-ın paytaxtında keçirilməsinin əhəmiyyətini, cəlb olunmuş dövlətlər arasında əməkdaşlığın daha da artırılmasında və bunun ölkələrin iqtisadi inkişafında vacibliyini qeyd ediblər.  Forum çərçivəsində Trans-Xəzər dəhlizi ölkələrində biznes və sərmayə imkanları, dəniz, dəmir yolu və hava nəqliyyatının imkanları üzrə təşkil edilən dörd paneldə dövlət və şirkət nümayəndələri mövzu üzrə çıxışlar edib, bu məsələlər ətrafında təfərrüatlı müzakirələr aparıb və iştirakçıların suallarını cavablandırıblar.  Tədbirin sərmayə və ticarət mövzusuna həsr olunmuş ilk panelində çıxış etmiş Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Elçin Əhmədov Azərbaycanda ticarət, nəqliyyat və tranzit sahəsində dövlət siyasəti barədə danışıb. Yeni kommersiya və sərmayə imkanları barədə növbəti paneldə çıxış etmiş Bakı Beynəlxalq Dəniz Ticarət Lİmanının nümayəndəsi Tural Əliyev liman sahəsində görülən işlər, azad ticarət zonasının yaradılması və onun regionda nəqliyyat-logistika qovşağına  çevrilməsi istiqamətində oynayacağı roldan bəhs edib. Eyni paneldə çıxış etmiş Dövlət Neft Şirkətinin rəsmisi Vitaliy Bəylərbəyov Azərbaycanın enerji siyasəti, enerji dəhlizləri, bu şirkətin regionda gördüyü işlər, mövcud və tikilməkdə olan neft və qaz layihələri barədə məlumat verib. Trans-Xəzər dəhlizi üzrə yükdaşımaların üstünlüklərindən bəhs edən üçüncü paneldə məruzə etmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyev təmsil etdiyi şirkətin Trans-Xəzər dəhlizindəki rolu, bu dəhliz üzrə daşımaların artırılması imkanları, marşrut boyu “vahid pəncərə” sisteminin tətbiqi, regional tərəfdaşlığın gücləndirilməsi, bölgədə həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib. Departament rəisi Gəmiçiliyin donanması, Xəzərdə onun əhəmiyyəti, Şərq-Qərb daşımalarında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin bərə donanmasının mühüm rolundan danışıb. Forum iştirakçılarına Gəmiçiliyin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda tikiləcək 2 yeni “Ro-Pax” tipli unikal gəmi-bərə haqqında ətraflı məlumat verib. Gəmiçilik rəsmisinin təqdimatında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşınan konteynerlər, onların həcmi və proqnozlaşdırılan yük artımına da xüsusi diqqət yetirilib. Kombinə edilmiş tranzit və hava nəqliyyatı sahəsində imkanlara həsr olunmuş sonuncu paneldə “Azərpoçt”un nümayəndəsi Hacı Hacıyev və “Silk Way” şirkətinin ABŞ-dakı nümayəndəsi Ceyms Ekklestoun çıxış ediblər. H.Hacıyev regionda artan elektron kommersiya daşımalarında Azərbaycanın əhəmiyyəti barədə məlumat verib. Forumun ilk günü Trans-Xəzər dəhlizinin üstünlükləri iştirakçıların diqqətinə çatdırılıb. Bu sırada digərləri ilə müqayisədə bu dəhlizin daha qısa olması və gələcəkdə Çindən Avropaya daşımaların 15-20 gün ərzində çatdırıla bilməsi potensialı, bunun bir çox tez xarab olan yüklərin daşınması üçün ən optimal seçim olması, dəhliz boyu sabitlik və təhlükəsizliyin hökm sürməsi, dəhliz dövlətləri arasında sıx əməkdaşlıq və bu ölkələr arasında artan ticarət, müasir standartlara cavab verən infrastruktur və azad ticari zonaların mövcudluğu, “vahid pəncərə sistemi”nin tətbiqi və daha da müasirləşməkdə olan sərhəd-keçid və gömrük rəsmiləşdirməsi prosedurları və s. qeyd edilib. Xatırladaq ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Trans-Xəzər Forumu 2016-cı ildən  illik əsaslarda Vaşinqtonda keçirilməyə başlayıb. Forum çərçivəsində illik tədbirlərlə yanaşı müntəzəm əsaslarda ABŞ-ın siyasi, biznes və akademik dairələri ilə təmasların saxlanması, onları dəhliz ölkələrində görülən işlər barədə məlumatlandırılması həyata keçirilir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır