Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-09,
Seanews
Heyder Eliyev

Yaxın Şərqə supertankerlərin axını dünyada gəmi çatışmazlığını artırır

Neft daşımalarından əldə olunan yüksək gəlirlərdən faydalanmağa çalışan supertankerlərin Yaxın Şərqə yönəlməsi qlobal gəmi çatışmazlığını daha da dərinləşdirir və fraxt tariflərini rekord səviyyələrə yüksəldir.

“Seanews.az” bu barədə “Signal Ocean”ın hesabatına əsasən xəbər verir.

Şirkətin məlumatına görə, dünya üzrə təxminən 850 böyük xam neft tankerinin 40 faizindən çoxu hazırda Fars körfəzində və ya oraya bir neçə gün ərzində çata biləcək məsafədədir.

Hörmüz boğazından keçidin riskli olması səbəbindən neftin Oman körfəzində və Hindistanın qərb sahilləri yaxınlığında gəmidən-gəmiyə ötürülməsi də tanker çatışmazlığını artırır. Bu əməliyyatlar gəmilərin dövriyyəsini ləngidir və digər marşrutlarda da daşımaların qiymətinə təsir göstərir.

Fars körfəzindən Şərqi Asiyaya daşımalar üzrə supertankerlərin gündəlik fraxt tarifi müharibədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 540 faiz artaraq 1,4 milyon dollara yaxınlaşıb. ABŞ-nin Meksika körfəzi sahillərindən Yaponiyaya neft daşımaq üçün bir supertankerə 82 milyon dollaradək fraxt haqqı təklif edildiyi bildirilir.

Supertanker çatışmazlığı səbəbindən sifarişçilər daha kiçik “Suezmax” və “Aframax” tipli tankerlərə də üz tuturlar ki, bu da digər marşrutlarda daşınma xərclərini artırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır