Cənubi Koreyanın konteyner gəmisi Arktikadan keçməklə Avropaya sınaq səfərini başa vurub
Cənubi Koreyanın “Panstar Acro” konteyner gəmisi Rusiyanın Şimal Dəniz Marşrutu ilə Avropaya və geriyə 50 günlük sınaq səfərini başa vuraraq oktyabrın 11-də Busan limanına qayıdıb.
“Seanews.az” xəbər verir ki, gəmi avqustun 22-də Busandan yola çıxıb, sentyabrın 12-də Böyük Britaniyanın Felikstou, ertəsi gün isə Niderlandın Rotterdam limanına çatıb. Səfər Süveyş kanalı marşrutu ilə müqayisədə təxminən 10 gün az vaxt aparıb. Geri dönüş isə qrafikdən beş gün gecikib. Səfər zamanı ciddi insident qeydə alınmayıb.
45 500 ton dedveyti olan və 2 758 TEU tutumuna malik gəmi Arktika şəraitində üzmək üçün gücləndirilib, kapitan və heyət xüsusi hazırlıq keçib.
Sınaq səfəri naviqasiya təcrübəsi və məlumatlarının toplanması baxımından uğurlu sayılsa da, yük həcmi gözləniləndən az olub. Avropaya cəmi 737 yüklü konteyner daşınıb, geri dönüşdə isə gəminin 1 743 boş konteynerlə qayıtdığı bildirilir.
Cənubi Koreya 2030-cu ilədək Arktika marşrutu üzrə müntəzəm gəmiçilik xidmətinə başlamağı, 2035-ci ilə qədər isə bu marşrutun iqtisadi səmərəliliyini artırmağı planlaşdırır.

