dəmir yolu daşımaları çərçivəsində gömrük əməkdaşlığının perspektivləri müzakirə ol
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidməti rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşü keçirilir. Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Türkiyə Respublikasının gömrük və ticarət naziri Bülənt Tüfəngçi, Gürcüstan Baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili iştirak edir. Tədbirdə Bakı-Tbilisi-Qars dəmir yolu daşımaları çərçivəsində gömrük əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunur. Azərbaycan, Türkiyə və Gürcüstanın gömrük və daxili işlər orqanları, eləcə də dəmir yolları üzrə mütəxəssislərinin iştirak etdiyi toplantıda – Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə əlaqədar gömrük və sərhəd keçid prosedurlarını sürətləndirmək məqsədilə gömrüklə bağlı ilkin dəmir yolu məlumatlarının mübadiləsi, dəmir yolu ilə həyata keçirilən poçt əməliyyatlarına dair ilkin məlumatların mübadiləsi, dəmir yolu ilə beynəlxalq daşımalar zamanı gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması və digər məsələlərə baxılır. Görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş” imzalanacaq.