Poti limanında yeni multimodal terminal bu il istismara veriləcək
Qazaxıstanın nəqliyyat və logistika investisiya qrupu tərəfindən Gürcüstanın Poti limanında inşa edilən yeni multimodal terminal bu il işə salınacaq.
“Seanews.az” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin respublikaya səfərinin yekunları üzrə Qazaxıstanın Baş naziri Oljas Bektenovun mətbuat xidməti məlumat verib.
Görüş zamanı ticarət-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat-logistika, neft və neft məhsullarının daşınması sahəsində əməkdaşlığın genişləndirilməsi vurğulanmaqla ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Daha əvvəl bildirildiyi kimi, Qazaxıstanın “PTC Holding” şirkətlərinin nəqliyyat və logistika investisiya qrupu Poti limanında konteyner terminalını 2024-cü ildə istifadəyə verməyi planlaşdırırdı.
Bildirilib ki, 8 hektar ərazidə yerləşəcək terminalın gücü ildə 80 min TEU olacaq.
Qeyd edək ki, Poti dəniz limanı Rioni çayının mənsəbində yerləşir. Bu, “Transqafqaz” dəhlizinin və “TRASEKA” proqramının əsas nöqtəsidir.