Aİ Məhkəməsi Rusiya Dəniz Gəmiçiliyi Reyestrinə qarşı sanksiyaların əksəriyyətini qüvvədə saxlayıb
Avropa İttifaqı Ədalət Məhkəməsi noyabrın 4-də Rusiya Dəniz Gəmiçiliyi Reyestrinə qarşı Avropa İttifaqı Şurasının tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin əksəriyyətini qanuni hesab edib.
“Seanews.az” xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Rusiyanın dövlətə məxsus bu qurumuna qarşı maliyyə və əməliyyat məhdudiyyətlərinin tətbiqini Aİ Şurasının səlahiyyətləri çərçivəsində qiymətləndirib. Qərara əsasən, reyestrlə investisiya və digər əməliyyatlara qadağalar qüvvədə saxlanılıb.
Bununla belə, məhkəmə qurumun gəmi təsnifatı, yoxlama və sertifikatlaşdırma təşkilatı kimi Aİ tərəfindən tanınmasının ləğvi barədə qərarı proporsionallıq prinsipinə uyğun hesab etməyərək etibarsız sayıb. Məhkəmənin mövqeyinə görə, tanınmanın tam ləğvi əvəzinə müvəqqəti dayandırılması eyni nəticəni verə bilərdi.
Qeyd edək ki, Rusiya Dəniz Gəmiçiliyi Reyestrinə qarşı ilk məhdudiyyətlər 2014-cü ildə, Krımın Rusiya tərəfindən ilhaqından sonra tətbiq edilib, 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxilədən sonra isə sərtləşdirilib. Hazırda Aİ-nin sanksiyaları reyestr tərəfindən sertifikatlaşdırılmış gəmilərin İttifaqın limanlarına və şlüzlərinə girişinə də qadağa qoyur.

