İranın keçidinə razılıq verdiyi LNG tankeri Hörmüz boğazı yaxınlığında hücuma məruz qalıb
Qətərdən Pakistana mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan “Al Mayeda” tankeri İran hakimiyyətinin təhlükəsiz keçidə razılıq verməsindən bir neçə saat sonra hücuma məruz qalıb. Hadisə cümə günü, Hörmüz boğazı yaxınlığında baş verib.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
“Bloomberg” agentliyinin məlumatına görə, Pakistan gəmiyə təhlükəsiz keçid təmin etmək üçün İranla danışıqlar aparıb və İran tərəfi buna müsbət cavab verib. Marşal adaları bayrağı altında üzən tanker hücumdan sonra istiqamətini dəyişərək Fars körfəzinə qayıdıb.
Hindistanın Gəmiçilik naziri Sarbananda Sonovalın “X” sosial şəbəkəsindəki paylaşımına əsasən, gəmi naməlum mərmi ilə vurulub. Bildirilib ki, gəmidəki 25 nəfərlik heyətin, o cümlədən altı Hindistan vətəndaşının hamısı təhlükəsiz vəziyyətdədir.
Qətərin “Nakilat” gəmiçilik şirkəti bazar günü yaydığı açıqlamada tankerin işlək vəziyyətdə olduğunu və texniki baxışdan keçirildiyini qeyd edib. Qətər Xarici İşlər Nazirliyi isə hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

