İran Hörmüz boğazı üzrə qara siyahısına daha 114 gəmi əlavə edib
İranın Fars körfəzi boğazı üzrə İdarəsi (PGSA) noyabrın 2-də qaydaları pozan gəmilərin siyahısına daha 114 gəmi əlavə edib. Bununla siyahıdakı gəmilərin sayı təxminən iki dəfə artaraq 240-a çatıb.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
Yeni siyahıya Cənubi Koreyanın “Sinokor” şirkəti ilə əlaqəli ən azı 29, Küveytin Neft Tankerləri Şirkətinə (KOTC) məxsus 10, Səudiyyə Ərəbistanının “Bahri” şirkəti ilə əlaqəli 7 və BƏƏ-nin ADNOC şirkətinə aid 6 gəmi daxil edilib.
PGSA “Sinokor” şirkətinin bütün donanmasına qara siyahıya salınmış gəmilərlə eyni qaydada hüquqi tədbirlərin tətbiq olunacağını bildirib. Hazırda siyahıda bu şirkətlə əlaqəli ən azı 46 gəmi var ki, bu da onun VLCC tipli supertankerlərdən ibarət donanmasının təxminən yarısıdır.
Beynəlxalq Dəniz Təşkilatının (IMO) Yaxın Şərqdə qeydə alınmış insidentlərə dair məlumatlarına əsasən, siyahıya yeni əlavə olunan gəmilərdən ən azı 9-u regiondakı münaqişə başlayandan bəri hücumlara məruz qalıb. Bu gəmilərə qarşı ümumilikdə 10 hücum qeydə alınıb. KOTC-yə məxsus “Al Dasma” tankerinə isə sentyabrın 7-də və oktyabrın 20-də iki dəfə hücum olub.

