Türkiyə gəmiləri dünya dənizlərində real vaxtda izlənəcək
Türkiyənin TÜRKSAT şirkəti tərəfindən yerli imkanlarla hazırlanmış LRIT (Long-Range Identification and Tracking – Gəmilərin Uzaq Məsafədən Tanınması və İzlənməsi) sistemi Türkiyə bayrağı altında üzən gəmilərin dünya dənizlərində real vaxtda izlənməsini mümkün edir.
Sistem 1000 dəniz milinə qədər əhatə dairəsi təqdim edir. Limanlara daxil olan gəmilərin mövqe, kimlik və zaman məlumatlarının real vaxtda ötürülməsi təmin olunur. Bu texnologiya dəniz nəqliyyatında təhlükəsizliyin artırılmasına, qəzaların qarşısının alınmasına və qaçaqmalçılıqla mübarizəyə mühüm töhfə verir.
Yenilənmiş LRIT sistemi mobil və planşet cihazları vasitəsilə də izləmə imkanı yaradır. Beynəlxalq Dəniz Təşkilatının (IMO) həyata keçirdiyi yoxlamalardan uğurla keçən sistemin beynəlxalq standartlara uyğunluğu təsdiqlənib.
Sistem axtarış-xilasetmə əməliyyatlarında və dəniz çirkliliyinin qarşısının alınmasında da effektiv şəkildə istifadə edilir. Yenilənmiş infrastruktur sayəsində LRIT-in kibertəhlükəsizliyi gücləndirilib və kibertəhlükələrə qarşı davamlılığı artırılıb.
"Seanews.az"