Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-30,
Seanews
Heyder Eliyev

Rusiya iyul ayından bəri ilk dəfə taxıl daşıyan gəmilərin Azov dənizindən keçidinə icazə verib

Rusiya üç aydan artıq davam edən fasilədən sonra Azov dənizindəki limanlardan taxıl daşıyan gəmilərin çıxışına icazə verməyə başlayıb. Gəmilər Kerç boğazından keçərək Qara dənizə çıxa biləcək.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

“Bloomberg”in məlumatına görə, oktyabrın 26-da Temryuk və Kavkaz limanlarından çıxmaq istəyən gəmilərə müvafiq icazələr verilib. Oktyabrın 29-dək ən azı bir gəmi Kerç boğazından keçərək Qara dənizə çıxıb.

Rusiya iyul ayında Ukraynanın dəniz dronları ilə hücumlarından sonra Don–Azov kanalında gəmiçiliyi məhdudlaşdırmış və Kerç boğazından keçid üçün müraciətlərin qəbulunu dayandırmışdı. Həmin hücumlar nəticəsində Azov və Qara dənizlərdə Rusiyaya məxsus çoxsaylı tanker, yedək gəmisi, bərə və yük gəmilərinin hədəf alındığı bildirilirdi.

Ukraynanın hücumları Rusiyanın taxıl ixracına da təsir göstərib. Novorossiysk limanındakı üç taxıl terminalı yay aylarında fəaliyyətini dayandırıb, nəticədə Rusiya ixracatçıları yüklərin böyük hissəsini Baltik dənizi limanlarına yönəltməli olublar.

Bununla belə, Azov dənizindən gəmi çıxışlarına icazənin bərpası daşımaların tam həcmdə yenidən başladığı anlamına gəlmir. Gəmilər Qara dənizdə hərəkət zamanı təhlükəsizlik riskləri ilə üzləşməkdə davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır