“Yanmar”ın hidrogen yanacaq elementi sistemi DNV-dən tip təsdiqi alıb
Yaponiyanın “Yanmar” şirkətinin GH-FC dəniz hidrogen yanacaq elementi sistemi DNV-dən tip təsdiqi alıb. Bu, texnologiyanın Yaponiyadan kənarda daha geniş tətbiqinə yol açır.
“Seanews.az” xəbər verir ki, sertifikat sistemin DNV-nin müvafiq qaydalarına uyğunluğunu təsdiqləyir və gəmiqayırma zavodları ilə inteqratorların layihələr üzrə ayrıca təsdiq proseslərinə ehtiyacını azaltmalıdır.
GH-FC hidrogen və oksigendən istifadə etməklə işləyir və istismar zamanı birbaşa karbon qazı emissiyası yaratmır. Modul sistem 80, 160, 240 və 320 kVt güc variantlarında təklif olunur və müxtəlif gəmi tələblərinə uyğun olaraq bir neçə modul birləşdirilə bilər.
“Yanmar” texnologiyanın hazırlanmasına 2015-ci ildə başlayıb, sistemi isə 2023-cü ildə kommersiyalaşdırıb. Yaponiyada artıq sərnişin gəmisi “Hanaria”, Tokio bələdiyyəsinə məxsus iki xidmət qayığı və “Zero-E Kurose” balıq yemi təchizat gəmisi kimi layihələrdə istifadə olunur.
Şirkət DNV-nin yeni tip təsdiqindən istifadə edərək texnologiyanı daxili layihələrdən beynəlxalq bazara çıxarmağı planlaşdırır. İlk xarici müştəri və ya layihə barədə isə məlumat verilməyib.

