Hindistanda güclü siklon zamanı quru yük gəmisi saya oturub
Hindistanın şərq sahillərində güclü tropik siklon nəticəsində Marşall adalarının bayrağı altında üzən “Sigma Pearl” quru yük gəmisi saya oturub.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, gəmi oktyabrın 27-də Visakhapatnam limanından kükürd yükünü boşaltdıqdan sonra Sinqapura doğru hərəkət etməyə çalışıb. Lakin hərəkət sistemində yaranan nasazlıq səbəbindən gəmi sürüklənməyə başlayıb və güclü külək, eləcə də dalğaların təsiri ilə sahilə çıxaraq dayazlığa oturub.
2010-cu ildə inşa edilmiş, uzunluğu 180 metr, dedveyti 32 688 ton olan gəminin heyət üzvləri xəsarət almayıblar. Fırtınanın zəifləməsindən sonra onları sahilə çıxarmaq və gəminin vəziyyətini qiymətləndirərək xilasetmə əməliyyatını planlaşdırmaq nəzərdə tutulur.
Siklon səbəbindən bölgədə bir sıra limanlarda yük əməliyyatları və gəmilərin limana qəbulu dayandırılıb. Həmçinin aviareyslər və qatarların hərəkəti məhdudlaşdırılıb.


