Geosiyasi risklərin izlənməsi üçün yeni dəniz analitikası bölməsi yaradılıb
Dənizçilik məlumatları və analitikası üzrə ixtisaslaşmış “Lloyd’s List Intelligence” (LLI) geosiyasi gərginliklər, sanksiyalar və qlobal tədarük zəncirində artan risklər fonunda yeni Dəniz Analitikası Bölməsi (Maritime Intelligence Unit – MIU) yaradıb.
“Seanews.az” xəbər verir ki, yeni platforma süni intellekt imkanlarını ekspertlərin qiymətləndirməsi ilə birləşdirəcək. Müştərilərə sanksiyalara uyğunluq, "kölgə donanması"nın fəaliyyəti, geosiyasi risklər, ticarət axınları və strateji dəniz keçidlərindəki vəziyyət barədə operativ məlumat və təhlillər təqdim olunacaq.
Şirkətin məlumatına görə, bütün analitik materiallar mütəxəssislər tərəfindən yoxlanılacaq. Məqsəd istifadəçilərə təkcə məlumat deyil, həm də gəmi hərəkəti, ticarət marşrutları və yaranan risklərin kommersiya və geosiyasi təsirlərini anlamağa kömək edən təhlillər verməkdir.
İlk xidmətlər sırasında Hörmüz boğazı və Qırmızı dəniz üzrə real vaxt monitorinq panelləri yer alacaq. Bu panellər vasitəsilə gəmilərin hərəkəti, tanker daşımaları, sanksiyaya məruz qalan gəmilər, "kölgə donanması"nın fəaliyyəti və AIS siqnallarını söndürərək həyata keçirilən "qaranlıq keçidlər" izlənəcək.

