"Suraxanı" gəmi-muzeyində Açıq Qapı Günü keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) "Suraxanı" gəmi-muzeyində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar Açıq Qapı Günü təşkil olunub.
Azərbaycanın dənizçilik tarixinin və zəngin gəmiçilik irsinin daha geniş auditoriyaya tanıdılması, bu sahəyə marağın artırılması məqsədilə keçirilən tədbir çərçivəsində muzeyə giriş tamamilə ödənişsiz olub.
Tədbirdə müxtəlif yaş qruplarından olan vətəndaşlar, eləcə də xarici turistlər muzeyi ziyarət edərək ekspozisiya zalları və burada nümayiş etdirilən unikal eksponatlarla yaxından tanış olublar.
Ekskursiyalar zamanı bələdçilər qonaqlara gəmi-muzeyin yaradılması və formalaşdırılması, burada yer alan interaktivlər, həmçinin Azərbaycan dənizçilərinin fədakar əməyi barədə ətraflı məlumat veriblər.
Açıq Qapı Günü çərçivəsində ziyarətçilər üçün əyləncə proqramı da təşkil edilib. DJ-in iştirakı ilə musiqili proqram təqdim olunub, animatorlar isə uşaqlar üçün müxtəlif əyləncələr keçiriblər.
İnteraktiv oyun və müsabiqələrin qaliblərinə müxtəlif hədiyyələr, o cümlədən gəmiçilik mövzusunda “puzzle” və “Dənizçilik Əlifbası” kitabı təqdim edilib.

