Qırmızı dənizdə artan risklərə baxmayaraq konteyner daşımaları Süveyş kanalına qayıdır
Konteyner daşımalarının Süveyş kanalına qayıdışı sürətlənir. 24 188 TEU tutumlu “OOCL Portugal” konteyner gəmisi Belçikadan Çinə gedərkən Süveyş kanalından keçib.
“Seanews.az” xəbər verir ki, bu, Qırmızı dənizdə təhlükəsizlik böhranının başlanmasından sonra “COSCO Shipping Lines” şirkətinin kanaldan cənub istiqamətində ilk keçidi olub.
Süveyş Kanalı Administrasiyasının məlumatına görə, 2026-cı ilin ilk səkkiz ayında konteyner gəmilərinin kanaldan keçən xalis tonnajı ötən ilin eyni dövrü ilə müqayisədə 54,2% artaraq 72,1 milyon tona çatıb. “CMA CGM”, “Maersk”, “MSC”, “Hapag-Lloyd” və “COSCO” kimi şirkətlər müxtəlif həcmdə Süveyş marşrutuna qayıdıb.
“Maersk” və “Hapag-Lloyd” da bu həftə Ümid burnu marşrutu ilə hərəkət edən daha dörd xidmət xəttini Süveyş kanalına yönləndirəcəklərini açıqlayıb.
Bununla belə, Qırmızı dənizin cənubundakı təhlükəsizlik vəziyyəti hələ də riskli olaraq qalır. Şirkətlər Süveyş marşrutundan istifadənin regionda sabitlikdən və vəziyyətin daha da gərginləşməməsindən asılı olduğunu bildirirlər.

