Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Xəzərin Azərbaycan hissəsinin adaları ilk dəfə kompleks şəkildə tədqiq edilib

Təbiətdə hər şey bir-biri ilə sıx bağlıdır. Ayrıca götürülmüş bir elementin öyrənilməsi istənilən nəticəni vermir. Tədqiqat obyektinin ekoloji mühiti ilə birlikdə kompleks şəkildə öyrənməklə daha çox informasiya əldə etmək olur. Zoologiya İnstitutu da dünya elmində gedən tendensiyalarla ayaqlaşaraq kompleks tədqiqatlara daha çox üstünlük verir.

Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

O bildirib ki, kompleks tədqiqatlar zamanı ətraf mühitin tədqiqat obyektinə təsiri özünü daha aydın şəkildə göstərir. Bununla da, tədqiq olunan canlını təbiətin mənfi təsirlərindən qorumağın yolları və istiqamətlərini də müəyyən etmək olur. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən, Zoologiya İnstitutu, Coğrafiya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Geologiya və Geofizika İnstitutu, Neft-Qaz İnstitutunun, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəlifliyin qorunması departamentinin əməkdaşlarının birgə iştirakı ilə Xəzər dənizinin Azərbaycan hissəsinin adalarına 3 ekspedisiya təşkil olunub. Ekspedisiyada adaların flora- fauna, landşaft, vulkanizm, relyef, torpaq örtüyü və s. ilk dəfə kompleks şəkildə tədqiq olunub.

Elman Yusifov vurğulayıb ki, Xəzər dənizinin Azərbaycan hissəsinin adalarında aparılan kompleks tədqiqatlar böyük əhəmiyyət kəsb edir. Çünki bizim ərazimiz materikdə yerləşir. Materikdəki canlıların coğrafi, geoloji, tarixi şəraitdə hərəkəti yerdəyişməsi məlumdur. Lakin adalardakı canlılar ya külək, ya uzaq məsafə qət edə bilən canlılar, ya da insanlar vasitəsilə yayılır. Ona görə də adalarda yaranan bioloji müxtəlifliyi, onun təkamül və inkişafını öyrənmək və onu materikdəki canlılarla müqayisə etmək elmi əhəmiyyət daşıyır.

“Ekspedisiyalar zamanı maraqlı nəticələr əldə etdik. Hazırda həmin nəticələrin emalı üzərində işlər gedir”, - deyə institutun direktoru qeyd edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır