Gölün səthindən 10 metr yüksəklikdə yerləşən ada nəhəng daş göbələyə oxşayır
Osman yumruğu İranın şimal-qərbində, Şərqi və Qərbi Azərbaycan ostanlarının arasında yerləşən və hazırda qurumaqda olan Urmiya gölünün sahilinə yaxın ərazidə olan kiçik bir adadır.
Ada göl səthindən 10 metr yüksəklikdə yerləşir. Sahəsi 0,1 kv.km-dir. Maraqlı görünüşə malik olan adada yaşayış yoxdur. Hətta bitki belə mövcud olmayan adadan quşlar dayanacaq kimi istifadə edirdilər. Bu yaxınlara qədər ada dünyanın ən kiçik ikinci adası statusuna malik idi.
1998-ci ildən başlayan quraqlıq və gölü qidalandıran çayların üzərində saysız bəndlərin tikilməsi nəticəsində Urmiya gölünün suyu getdikcə azalıb. Göl ümumiyyətlə yox olmaq təhlükəsi ilə üzləşib.
Ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər, ictimai fəallar və ziyalılar gölün xilas edilməsi məqsədilə təbliğat aparır və layihələr həyata keçirirlər. Gölün quruması nəticəsində Osman yumruğu adası hazırda tamamilə quruya birləşib və dünyanın ən kiçik ikinci adası statusunu itirib. Hazırda keçmiş ada nəhəng daş göbələyə oxşayır.