





12 sərnişinin daşınmasına icazə verilən gəmidə qəza zamanı 1173 nəfər olub
Keçmiş SSRİ-yə məxsus “İndiqirka” buxar gəmisinin 1939-cu ildə Hokkaydo adasının sahillərində, Laperuza boğazında qəzaya uğraması nəticəsində 741 nəfər həlak olub. Bu hadisə XX əsrin ən böyük dəniz qəzalarından biri kimi tarixə düşüb. Lakin, qəzaya uğramış digər gəmilərdən fərqli olaraq “İndiqirka” dənizdə tam batmamışdı, qayalara çırpılmış gəmi böyrü üstə çevrilmiş və 4 metr hündürlükdə olan hissəsi suyun üzərində qalmışdı. Bəs onda niyə bu qəza kütləvi insan tələfatı ilə nəticələnmişdi?
Buna bir neçə səbəb göstərilə bilər. Bunlardan biri cəmi 12 sərnişinin daşınmasına icazə verilən gəmidə qəza zamanı 1173 nəfər olmasıdır. Həmin səfərdə gəmidəki insanların böyük bir qismi məhbuslar olub.
Daha bir səbəb SSRİ-nin o vaxt Yaponiya hökuməti ilə münasibətlərinin gərginliyi ola bilər. Məhz buna görə, ehtimal edilir ki, qəza zamanı Yaponiya hadisə yerinə xilasedici gəmilərini göndərməyib. Lakin yaxınlıqda olan yapon balıqçıları köməyə gəlməsəydi, qurbanların sayı daha çox olardı. Sarafutsu qəsəbəsinin balıqçıları batan gəmidən 428 nəfəri xilas edə biliblər. Faciə qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə adıçəkilən əyalətdə abidə də ucaldılıb. Amma üstündən 80 ildən çox vaxt keçməsinə baxmayaraq, Rusiyada faciə qurbanlarının xatirəsini yad etməyə çağıran heç bir abidə mövcud deyil.
“İndiqirka” gəmisi 1938-ci ildə ABŞ-dan alınaraq Naqayevo limanına gətirilib. 1920-ci ildə inşa edilmiş gəminin uzunluğu 77, eni isə 13 metr olub. “İndiqirka” gəmisi heç də sərnişin daşımaq üçün nəzərdə tutulmamışdı. Lakin son səfər zamanı heyət Kamçatka müəssisəsinin işçilərini gəmiyə mindirir. Sonra heyətə Naqayevo limanında daha bir neçə yüz insanı gəmiyə mindirmək göstərişi verilir. İnsanları hündürlüyü 8 metr olan anbarlara “yerləşdirirlər”. 1939-cu il dekabrın 8-də səfərə çıxanda gəmidə 39 nəfəri heyət üzvü, 239 nəfər fəhlə və onların ailə üzvləri, 835 nəfər məhbus olub.
Səfər təqribən 5-6 sutka çəkməli idi. Səfərin ikinci günündə gəmi 9 ballıq fırtınaya düşür. İdarə olunmayan gəmi sualtı qayalara çırpılır. Gövdəsində əmələ gələn dəliklərdən gəmi 2 saat 40 dəqiqədən sonra sağ böyrü üstə əyilməyə başlayır. Gəminin 9 metrlik hissəsi suyun altında, digər 4 metrlik hissəsi isə suyun üzərində qalır. Əmələ gəlmiş dəlikdən xilas olmaq üçün bayıra çıxanları güclü ləpələr tez bir zamanda suyun dibinə qərq edir.
Hadisədən 30 saat sonra, dekabrın 13-də günorta saatlarında Yaponiyaya məxsus “Karafuto-Maru” gəmisi “İndiqirka”ya köməyə gəlir. Bir qədər sonra daha 2 yapon gəmisi xilasetmə missiyası ilə hadisə yerinə gəlir və nəticədə 428 nəfəri xilas etmək mümkün olur. Xilasetmə işləri dekabrın 16-da yekunlaşır.
Xilas edilmiş insanlar müxtəlif yerlərdə yerləşdirilir. Dekabrın sonlarında həmin insanların arxasınca SSRİ-yə məxsus “İliç” gəmisi gəlir.
Faciənin günahkarı elan edilən kapitanın boyük köməkçisi və ikinci köməkçiyə ölüm hökmü oxunur və onlar 1940-cı ildə güllələnirlər.
Qəza zamanı həlak olmuş şəxslər Yaponiyada kremasiya edilərək SSRİ-yə təhvil verilir. Bu faciə SSRİ dövründə hər vasitə ilə dünya ictimaiyyətindən gizlədilirdi.