







ASCO əməkdaşları arasında Novruz bayramına həsr edilmiş nərd turniri keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında Novruz bayramına həsr edilmiş nərd turniri təşkil olunub.
Turnirdə ASCO Aparat, Xəzər Dəniz Neft Donanması, Dəniz Nəqliyyatı Donanması, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, “Bibiheybət” Gəmi Təmiri Zavodu, İstehsalat Xidmətləri İdarəsi, Azərbaycan Dövlət Dəniz Akademiyası, Təlim Tədris Mərkəzi, “Zığ” Quru Yük Limanı, “ASCO Mühafizə” MMC, “ASCO Nəqliyyat” MMC-ni təmsil edən ümumilikdə 30 nəfər iştirak edib.
Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin idman zalında baş tutan yarışda 1-ci yeri “ASCO Nəqliyyat” MMC-dən Yaqub Əsədov, 2-ci yeri “Zığ” GTZ-dən Famil Ağayev, 3-cü yeri isə DND-dən Ziya Bəkirov qazanıb.
Qaliblərə diplom və hədiyyələr verilib.
ASCO-da bədən tərbiyəsi və idmanın digər növləri kimi nərd oyununa da maraq böyükdür. Yarışın keçirilməsində məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, bədən tərbiyəsi və idmana olan maraqlarını daha da artırmaqdan ibarətdir.