Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

126 metrlik “Octopus” yaxtasının həftəlik kirayəsi 2,2 milyon dollara başa gəlir

“Bloomberg”, müştəriləri arasında bankirlər, baş direktorlar və bir həftəlik məzuniyyət üçün milyonlarla pul ödəməyə hazır olan yüksək vəzifəli məmurların da olduğu “Fischer Travel Enterprises” şirkətinə istinadən xəbər verir ki, bu il superyaxta kirayəsi sifarişləri keçən illə müqayisədə 20% artıb. Bu tendensiyanı çoxulduzlu restoranlar, kinoteatrlar və sualtı qayıqlarla super premium yaxtalar icarəyə verən digər şirkətlər də qeyd edirlər.

“Yaxta kirayəsi çox dəbdədir, çünki müştərilərimiz yaxtaların onlara verdiyi məxfiliyi, təhlükəsizliyi və çevikliyi sevirlər. Onlar dəbdəbə istəyirlər”, - deyə “Fischer Travel Enterprises” şirkətinin prezidenti Steysi Fişer-Rozental bildirib. Onun şirkətləri superyaxtaları dünyanın istənilən yerində kirayə verməyə imkan verən xidmətə qoşulmaq üçün 150 000 dollar ödəyirlər.

Superyaxtaları icarəyə götürən şirkətlərin müştərilərin əsas hissəsini amerikalılar təşkil edir. Onlar indi səyahətləri məhdud olan zəngin rusların yerlərini tuturlar.

“Fraser Yachts” şirkətinin marketinq və biznesin inkişafı üzrə direktoru Mark Dunkan deyir ki, onların şirkəti ilin birinci yarısında 500-ə yaxın şəxsi kruiz təşkil edib. Ötən illə müqayisədə əvvəlcədən tutulan yerlərin sayında artım 32%-dir. Üstəlik, onların əksəriyyəti superyaxtaları ilk dəfə icarəyə götürən amerikalılar olub. “Fraser Yachts”-ın icarəyə verdiyi superyaxtalar arasında idman zalı və gecə klubu olan 75 metrlik “Wheels” gəmisi də var.

M.Dunkanın sözlərinə görə, müştəriləri getdikcə cavanlaşır - onların orta hesabla 50 yaşı var, halbuki son 20 ildə kirayəçilərin orta yaşı 60-65 idi.

Koronavirus məhdudiyyətləri qaldırıldıqdan sonra bir neçə nəsillə ailə kruizləri daha populyarlaşır. Ortaq səyahət meylləri yaşı üç ildən az və uzunluğu 50-60 metr olan böyük superyaxtalara tələbatı artırır. Bir il ərzində belə sifarişlərin sayı 30% çoxalıb.

Dünyada kirayə verilə bilən ən bahalı superyaxtalardan biri iki helikopter meydançası, lifti və basketbol meydançası olan 126 metrlik “Octopus”dur. Bu yaxtanın kirayəsi həftədə 2,2 milyon dollara başa gələcək. Gəminin heyəti 42 nəfərdir, yaxta 12 nəfərə qədər qonağı qəbul edə bilir. Nəşr yazır: "Yaxta boş deyil - gələn yay Aralıq dənizində aylıq kruizlər üçün müraciətlər artıq qəbul edilib".

“Fraser Yachts”-ın məlumatına görə, hazırda dünyada 3100 yaxta kirayə verilir. Rusiyaya qarşı sanksiyalar gəmilərin bəzilərini bazardan çıxardığı üçün onların sayı azalıb. Məsələn, 72 metrlik “Axioma” yaxtası rusiyalı milyarderlərdən birinə məxsus idi və yayın qızğın vaxtında həftədə təxminən 632 min dollara icarəyə təklif olunurdu.

“Lakin iş yaxşı gedir və brokerlər müştəriləri cəlb etməyə və onlara təklif aldıqdan sonra bir neçə gün ərzində bron etməyi məsləhət görməyə diqqət yetirirlər. Dəbdəbəli yaxtaçılıq sürətlə inkişaf edir”, – deyə “Bloomberg” Monakoda yerləşən müstəqil yaxta brokeri Alexandra Zamfirescudan sitat gətirib.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır