ASCO əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə mövzusunda seminar təşkil olunub
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) növbəti təlim təşkil edilib.
Təlimdə ASCO-nun İdarə Heyəti sədrinin müşaviri Elvin Cəfərov və Hüquq departamentinin rəisi Cabir Niyazov şirkətdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ümumi məlumat veriblər.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə işçi qrupunun üzvü Zaur İbrahimov “ASCO-nun korupsiyaya qarşı mübarizə siyasəti, risklərin qiymətləndirilməsi, nəzarət mexanizmləri: milli və beynəlxalq standartların tələbləri” mövzusunda təqdimatla çıxış edib.
Zaur İbrahimov milli qanunvericilik və korrupsiya qarşı mübarizə siyasəti, beynəlxalq ISO 37001 “Korrupsiyaya Qarşı Beynəlxalq Menecment Standartı” və onun ASCO-da tətbiqi, əsas etika prinsipləri, korrupsiya risklərinin qiymətləndirilməsi metodologiyası və s. kimi məsələlərə dair müvafiq tələbləri diqqətə çatdırıb.
Təlimin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

