ADDA tələbələrinin diplomqabağı üzmə təcrübəsi uğurla başa çatıb
ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 2025/2026-cı tədris ilinin buraxılış kursları üzrə təşkil olunan diplomqabağı üzmə təcrübəsi yekunlaşıb.
Fevralda başlayan və 3 aydan çox davam edən təcrübələr “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və başqa şirkətlərin müxtəlif tipli gəmilərində, “Bakı Gəmiqayırma Zavodu” MMC-də və digər istehsalat sahələrində keçirilib.
Tələbələr təcrübə müddətində müasir dənizçilik sənayesində tətbiq olunan texnologiyalarla yaxından tanış olub, peşə bacarıqlarını inkişaf etdiriblər.
Yekunda müxtəlif ixtisaslar üzrə təhsil alan 148 tələbənin istehsalat fəaliyyəti təcrübə keçdikləri müəssisələr və ADDA-nın müvafiq komissiyaları tərəfindən qiymətləndirilib.
Diplomqabağı təcrübəni müvəffəqiyyətlə başa vuran tələbələrə müvafiq ixtisaslar üzrə bakalavr dərəcəsinin verilməsi üçün əsas yaranıb.

