Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Sibirli qonaqlar ADDA-da olublar

Sibir Dövlət Su Nəqliyyatı Universitetinin rektoru, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Tatyana Zayko və həmin universitetin elmi işlər üzrə prorektoru, professor Boris Palaquşkin Azərbaycan Dövlət Dəniz Akademiyasının qonağı olublar.

ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru Zahid Şərifov və elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov ilə keçirilən görüşdə qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə edilib, hər iki ali məktəb arasında iş birliyinin perspektivlərinə toxunulub. Professor Zahid Şərifov ADDA-da tədrisin təşkili, tələbələrin imtiyazları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən tələbə və müəllimlər üçün yaradılmış şərait, o cümlədən gəmilərdə təcrübənin gedişi barədə ətraflı məlumat verib. Dosent Vüqar Sadıqov Sibir Dövlət Su Nəqliyyatı Universiteti ilə əməkdaşlıq haqqında sazişin bağlanılmasının əhəmiyyətini vurğulayıb.

Qonaqlar Dəniz Akademiyasının auditoriya və laboratoriyaları, trenajor otaqları ilə yaxından tanış olublar, keyfiyyətli təhsil sisteminin qurulması istiqamətində Akademiya rəhbərliyinin atdığı addımlardan, yenidənqurma işlərindən razı qalıblar.

Sonra sibirli qonaqlar Akademiyanın nəzdindəki Təlim-Tədris Mərkəzinə gediblər. Mərkəzin direktoru Emil Manafov onlara TTM haqqında ətraflı məlumat verib. O, Təlim Mərkəzinin yaranması tarixindən danışaraq deyib ki, TTM ölkəmizdə DP kursları və imtahanlarının keçirilməsi üçün Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatı tərəfindən akkreditasiya olunmuş yeganə Təlim-Tədris Mərkəzidir.  TTM-in maddi-texniki bazasının mütəmadi olaraq yenilənməsi daim Gəmiçilik rəhbərliyinin diqqət mərkəzindədir. TTM-də olan trenajor və simulyator avadanlıqları, ixtisaslaşdırılmış üstüörtülü hovuz qonaqlarda xüsusi təəssürat yaradıb. Onlar bildiriblər ki, ölkədə belə bir Təlim-Tədris Mərkəzinin fəaliyyət göstərməsi dənizçiliyə və dənizçilərə olan xüsusi dövlət qayğısının təzahürüdür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır