İctimai təşkilatlar BMT ekspertlərini gəmiçilikdən yaranan metan emissiyalarına qarşı tədbir görməyə çağırıb
“Equal Routes” təşkilatı və Kanada, Latın Amerikası və Cənub-Şərqi Asiyadan olan yeddi vətəndaş cəmiyyəti təşkilatı beynəlxalq gəmiçilikdən atmosferə atılan metan emissiyalarının insan hüquqları məsələsi kimi qəbul edilməsi üçün BMT-nin insan hüquqları üzrə beş mandatına təcili müraciət ünvanlayıb.
“Seanews.az” xəbər verir ki, təşkilatlar BMT ekspertlərini noyabrın 23-də başlayacaq Beynəlxalq Dəniz Təşkilatının (IMO) iqlim müzakirələri ərəfəsində bu məsələ ilə bağlı açıq mövqe bildirməyə çağırıb.
Müraciətdə bildirilir ki, mayeləşdirilmiş təbii qazla (LNG) işləyən gəmilər yanmamış metan buraxa bilər. Metan 20 illik dövr ərzində karbon qazından təxminən 80 dəfə güclü istilik tutma təsirinə malikdir. Bununla belə, IMO-nun mövcud qaydaları gəmilərdən faktiki metan emissiyalarını ölçməyi və hesabat verməyi tələb etmir.
Təşkilatlar dövlətləri metan emissiyalarının məcburi, şəffaf və yoxlanıla bilən qaydada ölçülməsini və hesabatının aparılmasını təmin etməyə, həmçinin IMO-nun “Sıfır xalis emissiya çərçivəsi”ndə insan hüquqlarının qorunmasına dair təminatların nəzərə alınmasına çağırıb.
Müraciətdə iqlim dəyişikliklərinin təsirlərinin kiçik ada dövlətləri, sahilyanı icmalar, yerli xalqlar, qadınlar və uşaqlar üçün daha ağır olduğu vurğulanır. Metan həmçinin tənəffüs və ürək-damar sağlamlığına zərər vuran yerüstü ozonun yaranmasına səbəb olur.
IMO-nun istixana qazları üzrə işçi qrupunun iclası noyabrın 23–27-də, Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin (MEPC) 85-ci sessiyası isə noyabrın 30-dan dekabrın 3-dək keçiriləcək. “Sıfır xalis emissiya çərçivəsi”nin qəbuluna dair müzakirələrin dekabrın 4-də davam etdirilməsi nəzərdə tutulur.
Təşkilatların fikrincə, bu müzakirələrdə qəbul ediləcək qərarlar gəmiçilikdən yaranan metan emissiyalarının beynəlxalq qaydalarda nəzərə alınıb-alınmayacağını müəyyənləşdirəcək.

