Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

2019-cu ilin ən yaxşı müəllimi - Akif İsmayılov

2015-ci ildən başlayaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) istehsalat tapşırıqlarının yerinə yetirilməsində yüksək nəticələrə nail olan və dəniz nəqliyyatının inkişafında səmərəli fəaliyyət göstərən dənizçilərin əməyinin qiymətləndirilməsi məqsədilə “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı bosman”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim”  və “İlin gənc dənizçisi” nominasiyaları üzrə müsaiqə keçirilir.

İlin ən yaxşıları ASCO sədri Rauf Vəliyevin imzaladığı əmrə əsasən müsabiqənin keçirilmə qaydalarına və təşkilat komitəsinin protokolu nəzərə alınmaqla müəyyənləşib.

ASCO-nun strukturuna daxil olan Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllimləri hər il “Ən yaxşı müəllim” nominasiyasında müsabiqənin qalibləri sırasında yer alırlar. Bu il sözügedən nominasiyada ADDA-nın “Gəmi energetik qurğuları” kafedrasının müdiri, dosent Akif İsmayılov qalib elan edilib.

Akif müəllim 1976-cı ildə N.E.Bauman adına Moskva Ali Texniki Məktəbinin (indiki Moskva Dövlət Texniki Universiteti) “Daxili yanma mühərrikləri” ixtisasını bitirib. Ali məktəbi bitiridikdən sonra Azərbaycana qayıdıb və bir müddət istehsalatda mühəndis-texnoloq, texnoloji bölmənin rəisi, nəqliyyat sexinin rəisi, aparıcı mühəndis və s. vəzifələrdə çalışan Akif müəllim pedaqoji fəaliyyətinə Azərbaycan Texniki Universitetində başlayıb. Orada çalışdığı müddətdə paralel olaraq Azərbaycan Dövlət Dəniz Akademiyasında dosent işləyib. 

2016-cı ildən indiyədək Azərbaycan Dövlət Dəniz Akademiyasında “Gəmi energetik qurğuları” kafedrasının müdiri vəzifəsində çalışır.

Akif müəliim pedaqoji fəaliyyətlə yanaşı, aktiv elmi işlə də məşğul olur. 100-də artıq çap olunmuş elmi-metodiki işin, o cümlədən 5 dərsliyin, 1 dərs vəsaitinin, 1 metodik vəsaitin, 7 metodik göstərişin, 1 ixtiranın və 1 patentin müəllifidir. Tələbələrin buraxılış işlərinə, magistr dissertasiyalarına və aspirantlara rəhbərlik edir. Akif müəllimin 2 aspirantı dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini adına layiq görülüb, hazırda 1 aspirantı isə doktorluq dissertasiyasını müdafiə etmək ərəfəsindədir.

Həm ASCO-nun, həm də Azərbaycanda fəaliyyət göstərən digər gəmiçilik şirkətlərinin gəmilərində maşın şöbəsinin mexanikləri, gəmiqayırma və gəmi təmiri müəssisələrinin mühəndis və texnoloqları əsasən Akif müəllimin rəhbərlik etdiyi kafedrada “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasını bitirən mütəxəssislərdir. Onu da qeyd edək ki, gənclər arasında bu sahəyə maraq həmişə olub. Hazırda kafedra Akademiya üzrə bu ixtisasda oxuyan 263 bakalavrın tədrisi ilə məşğuldur.

Akif İsmayılov: Elmi-pedoqoji fəaliyyətimə verdikləri yüksək qiymətə görə həm “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyevə, həm də Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədova dərin minnətdarlığımı bildirirəm. Bundan sonrakı fəaliyyətimdə də göstərilən etimadı doğrultmağa çalışacağam.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır