Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

İlk azərbaycanlı qadın gəmi kapitanı Şövkət Səlimova

Şövkət Şahbaz qızı Səlimova 1920-ci il dekabrın 25-də indiki İsmayıllı (o zaman Şamaxı uyezdi) rayonunun Lahıc kəndində anadan olub. Atası Şahbaz kişi sonradan çoxuşaqlı ailəsi ilə Bakının Şubanı kəndinə köçüb.

Onuşaqlı ailənin ilki olan Şövkət məktəbli ikən aviamodelçilər dərnəyinə üzv yazılıb. 1935-ci ildə Moskvada aviamodelçilərin toplanışında iştirak edərkən, hazırladığı model hamısından uzağa uçaraq ümumittifaq rekordu yeniləyib və daha üç il ona birinciliyi əldə saxlamaq imkanı verib. Bundan sonra Ş.Səlimova planerdə ilk uçuşunu həyata keçirib. Lakin təsadüf onun peşə seçimini dəyişdirib.

Jurnalda ilk qadın uzaq səfərlər kapitanı Anna Şetininanın fotosunu gördükdən sonra o da kapitan olmaq qərarına gəlib və məktəbdə təhsilini başa vuran kimi sənədlərini Bakı Su Nəqliyyatı Texnikumunun “Gəmi sürücüsü” fakültəsinə verib. Əmək fəaliyyətinə Odessa Dəniz Gəmiçiliyinin uzaq səfərlərə çıxan “Serqo” gəmisində kapitanın üçüncü köməkçisi kimi başlayıb və tezliklə öz dəyanəti, əzmi, biliyi və qətiyyəti ilə heyətin dərin hörmətini qazanıb. Bakıya qayıdan Ş.Səlimova Xəzər Gəmiçiliyinin gəmilərində kapitan işləyib. Müharibə başlayanda “Dnepr” gəmisinin kapitanı olub. Odlu-alovlu illərdəki şücaəti “Qırmızı Ulduz” ordeni, “Qafqazın müdafiəsinə görə” və  “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə qiymətləndirilib.

Müharibədən sonra Şövkət xanım daha üç il sevdiyi peşəsi ilə məşğul olub. 1948-ci ilin sentyabrın 11-də onu respublika ali partiya məktəbinə oxumağa göndəriblər. 1950-ci ildə həm partiya məktəbini, həm də ekstern yolu ilə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. Azərbaycan KP MK-da təbliğat-təşviqat şöbəsinin müdiri işləyib. 1954-cü ildə Azərbaycan Dövlət Heft və Kimya İnstitutunda müəllimlik fəaliyyətinə başlayıb. Mühəndis-iqtisad fakültəsinin dekanı, prorektor olub. Dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.  1971-ci ildə “Azərbaycanın Əməkdar iqtisadçısı” fəxri adına layiq görülüb. Dosent Ş.Səlimova Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında marksizm-leninizm kafedrasının müdiri işləyib, uzun illər  “Bilik”cəmiyyəti Bakı təşkilatı sədrinin müavini olub.

Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Şahbaz qızı Səlimova 1999-cu ildə haqq dünyasına qovuşub.

Sevda Abdullayeva - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır