Bakı dənizçilik sinfindən Akademiyaya
Azərbaycan Dövlət Dəniz Akademiyasının 30 illiyinə
Dördüncü yazı
1902-ci ildə Bakı dənizçilik sinflərinin bazasında yaradılmış Bakı Uzaq Səfərlər Məktəbi üçün yeni binanın və 60–70 nəfərlik yataqxananın inşası, habelə astronomiya kabineti üçün ləvazimatın və dəniz təcrübəsi üçün tədris gəmisinin alınması nəzərdə tutulur və bu məqsədlə lazımi vəsait ayrılır.
Üçmərtəbəli məktəb binasının təhvil verildiyi dəqiq tarix məlum olmasa da, onun 1910-ci ildə artıq fəaliyyət göstərdiyinə dair yazılı mənbələrdə məlumatlara rast gəlinir. Bakı və Həştərxan dənizçilik məktəbləri üçün tədris gəmisinin inşasına dair sifariş isə 1903-cü ildə “Sormovo” Səhmdar Cəmiyyətinə verilir. Gəmi 1905-ci il iyunun 15-də gənc dənizçilərlə ilk səfərinə çıxır.

FOTO 1.Uzaq səfərlər məktəbinin binası
1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra gəmiçilik sahəsində böyük dəyişikliklər baş verir. Xəzərdə gəmiçilik birbaşa Moskvanın göstərişləri ilə idarə olunur. Rusiyaya daşınan Bakı neftinin həcmi kəskin artdığından yükgötürmə qabiliyyəti daha yüksək olan gəmilərə ehtiyac yaranır. Bu amil, öz növbəsində, həm gəmiçilik infrastrukturunun müasirləşdirilməsini, həm də ixtisaslı kadrların hazırlanmasını gündəmə gətirir.
Elə həmin il oktyabrın 1-də Bakı Uzaq Səfərlər Məktəbi ilə Gəmi Mexanikləri Məktəbinin əsasında Su Nəqliyyatı Texnikumu yaradılır. Burada gəmi sürücülüyü, gəmiqayırma, mexanika və ümumi təhsil şöbələri fəaliyyət göstərir. Texnikuma direktor isə Bakı Uzaq Səfərlər Məktəbinin 1910-cu il məzunu Vikenti Stepanoviç Koroleviç təyin edilir.

FOTO 2. V. S. Koroleviç dərs zamanı
V.S.Koroleviç peşəkar dənizçilik təhsili sisteminin formalaşmasına böyük töhfə vermiş, sonradan diqqətini şturman heyətinin elmi-praktiki hazırlığına yönəltmişdi. Deviasiya işləri sahəsində tanınmış ekspert-praktik olan Koroleviç öz tədqiqat və metodikaları iləkapitanlara və şturmanlara mürəkkəb, irihəcmli akademik düsturlara müraciət etmədən, birbaşa dənizdə maqnit kompasların xətalarını müstəqil şəkildə hesablamaq və aradan qaldırmaq üçün anlaşıqlı alqoritmlər təqdim edirdi. Onun kitabları ölkənin ən iri profilli nəşriyyatlarında ("Morskoy transport", "Vodtransizdat", "Transport") işıq üzü görmüş və 1950-ci illərin sonlarına qədər təkrar nəşr olunmuşdu.
1921-ci il oktyabrın 1-dən etibarən Su Nəqliyyatı Texnikumunda həm əyani (istehsalatdan ayrılmaqla), həm də axşam (istehsalatdan ayrılmamaqla) şöbələri fəaliyyətə başlayır.
1924-cü il sentyabrın 1-də təhsil ocağının adı növbəti dəfə dəyişdirilərək Bakı Su Yolları Texnikumu adlandırılır və Xəzər Gəmiçiliyinin (“Kaspar”) maarif şöbəsinin sərəncamına verilir. 1925-ci ildə gəmi sürücülüyü və mexanika şöbələrindən ibarət olan bu texnikumda dərslər həm də Azərbaycan dilində tədris olunmağa başlayır. Bu addım donanmanın yenilənməsi, gəmi təmiri emalatxanalarının müasirləşdirilməsi kimi tədbirlərlə bərabər, tələbə kontingentinin sürətlə artmasına təkan verir. 1926/27-ci tədris ilində tələbələrin sayı 200 nəfərə çatır ki, bu da yeni sinif otaqlarının, laboratoriyaların və kabinetlərin yaradılmasını qaçılmaz edir. Nəticədə, 1930-cu ildə binaya daha bir – dördüncü - mərtəbə inşa olunur.
FOTO 3. Binanın rekonstruksiyadan sonrakı görünüşü
1929-cu il sentyabrın 11-də SSRİ Mərkəzi İcraiyyə Komitəsi və SSRİ Xalq Komissarları Sovetinin "Vahid sənaye-texniki təhsil sisteminin qurulması haqqında" və 1930-cu il iyulun 23-də "Ali təhsil müəssisələrinin, texnikumların və fəhlə fakültələrinin (rabfakların) yenidən təşkili haqqında" qərarları qəbul edilir. Bununla əlaqədar olaraq mövcud ali məktəblərin, texnikumların və fəhlə fakültələrinin əsaslı şəkildə yenidən qurulması prosesi başlanır.
Texniki təhsil müəssisələri müvafiq xalq komissarlıqlarının (narkomatların) və SSRİ, eləcə də ittifaq respublikalarının digər qurumlarının tabeçiliyindəki sahəvi təsərrüfat birliklərinin ixtiyarına verilir.
Bu islahatlar fonunda Bakı Su Yolları Texnikumu yenidən təşkil olunaraq Bakı Dənizçilik Texnikumuna çevrilir. 1933-cü ildə bu tədris ocağına Qasım Kazım oğlu Gül direktor təyin edilir.

FOTO 4. Qasım Kazım oğlu Gül
On yaşında Xəzər Gəmiçiliyində yunqa kimi fəaliyyətə başlayan Qasım Gül 1924-cü ildə Bakı Dənizçilik Texnikumuna daxil olub. Təhsilini bitirdikdən sonra Gəmiçilikdə əmək fəaliyyətinə davam edib.
1931-ci ildə Leninqrad Su Nəqliyyatı Mühəndisləri İnstitutuna daxil olan Q.Gül 1933-cu ildə Dəniz gəmisinin idarə edilməsi fakültəsini müvəffəqiyyətlə bitirərək Mühəndis-pedaqoq ixtisası üzrə diplom alıb. Elə həmin ildə 24 yaşlı istedadlı mütəxəssis Bakı Dənizçilik Texnikumunun direktoru təyin edilib.
Azərbaycanın ilk coğrafiya elmləri doktoru, coğrafiya sahəsində ilk professor, Azərbaycan SSR Elmlər Akademiyasının ilk müxbir üzvü və ilk Xəzərşünas-okeanoloq olan Qasım Gül 63 yaşında dünyasını dəyişib.
Sevda Abdullayeva,
ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin
aparıcı mütəxəssisi

