Bakı dənizçilik sinfindən Akademiyaya
Azərbaycan Dövlət Dəniz Akademiyasının 30 illiyinə
3-cü yazı
1889-cu ildə sinif rəisi Filippov səhhətinə görə istefa verdi. Məktəb komissiyası idarəçiliyi müvəqqəti olaraq ümumi təhsil fənləri müəllimi Yarçenkoya tapşırdı. Lakin Filippov təkcə rəis deyil, həm də müdavimlərə xüsusi dəniz elmləri üzrə dərs deyən əsas mütəxəssis idi. Məktəb komissiyası bu vəzifəyə Filippovun tövsiyəsinə əsasən Mixail Leopoldoviç Bondini dəvət etdi.
Bondi də Filippov kimi hərbi keçmişə malik idi: əvvəlcə podporuçik, sonra isə poruçik rütbəsində xidmət etmişdi. Gənc və enerjili mütəxəssis 1889/1890-cı tədris ilində özünü həm də savadlı, intizamlı və ədalətli pedaqoq kimi təsdiqləyə bildi. 1891-ci ildə isə Bakı dənizçilik siniflərinə rəis təyin olundu.
Kabotaj şkiperlərinin hazırlanmasına dair birillik icazənin uzadılması və ya siniflərin 2-ci kateqoriyaya yüksəldilməsi faktını təsdiqləyən sənəd tapmasam da, bundan sonra rastıma çıxan yazı və elanlarda (1902-ci ilədək) Bakı dənizçilik sinfi artıq “dənizçilik sinifləri” (cəm halında) adlandırılır. Məsələn, elanların birində “kabotaj şkiperi” sinfində oxumaq istəyən gənclərdən “kabotaj şturmanı” olduqlarını təsdiqləyən sənəd tələb olunur. Mətnin sonunda isə 1892-ci ilin tədris ilində müdavimlərin sayının 76 nəfərə çatdığı qeyd edilir.
Mixail Leopoldoviç Bondinin fəaliyyətinə gəldikdə isə o, Bakıda tezliklə böyük hörmət qazanır. Siniflərin rəisi tələbələrinin təkcə dənizçilik biliklərini deyil, həm də dənizçi etikasını, davranışlarını ciddi nəzarətdə saxlayır.
Cəmi iki il sonra – 1894-cü ildə müdavimlərin sayı artıq 120 olur. Bu göstərici “ədalətli kapitan” kimi tanınan Bondinin uğurlu fəaliyyətindən xəbər verir. Yenilikçi, inkişafa açıq, müasir dəyərləri mənimsəyən – bir sözlə, mütərəqqi dünyagörüşlü Bondi çox yaxşı anlayırdı ki, yelkənli gəmilərin dövrü bitmək üzrədir və tədris müasir dövrlə ayaqlaşmağı bacarmalıdır. Gələcəyi görən bir rəhbər kimi o, dənizçilik təhsilinin təkmilləşdirilməsinə çalışırdı. Bu səbəbdəndir ki, “Paroxod mexanikası” kursu (sonralar “Gəmi mexanikləri məktəbi”) açmaq təşəbbüsü ilə müraciət edən mühəndis-mexanik Andrey Maslov 1896-cı ildə məhz Bondinin dəstəyi sayəsində Bakı dənizçilik siniflərinin nəzdində bu kursun açılmasına nail olur. Məktəb komissiyası isə dənizçiliyin tədrisində müsbət dəyişiklikləri görüb, Bakı dənizçilik siniflərinin kateqoriyasının yüksəldilməsi ilə bağlı məsələlərin həlli üçün lazımi instansiyalara müraciət etməyi Bondiyə həvalə edir.

FOTO 6. “Paroxod mexanikası” kursunun banisi Andrey Maslov

FOTO 7. Gəmi mexanikləri məktəbi
Tarix: 1896-cı il. Məkan: İnqilabdan əvvəl II Aleksandrın adını daşıyan sahil küçəsində (indiki Neftçilər prospektində)

FOTO 8. Gəmi mexanikləri məktəbinin ilk məzunları. 1898-ci il.
XX əsrin əvvəllərində ticarət gəmiçiliyində yelkənli gəmilərin paroxodlarla əvəzlənməsi, onların yükqaldırma qabiliyyətinin artması və üzmə coğrafiyasının genişlənməsi kimi məsələlər Rusiya hökumətini əməli tədbirlər görməyə məcbur edir. 1898-ci ildə bir çox dənizçilik məktəb və siniflərində təftiş aparılır. Təftiş mövcud problemləri üzə çıxararaq dənizçilik təhsilində islahatların aparılmasının vacibliyini təsdiqləyir.
1902-ci ildə dəniz ticarət donanması üçün kadrların hazırlanması sistemi yenidən formalaşdırılır. Bakı dənizçilik siniflərində bu islahatları Mixail Leopoldoviç Bondi həyata keçirir. Bakı dənizçilik sinifləri üçillik təhsillə Bakı uzaq səfərlər məktəbinə («Бакинское морское училище дального плавания») çevrilir və məktəbin nəzdində hazırlıq kursu da yaradılır.
Bondi 1906-cı ilədək bu məktəbin rəisi olur və həmin vaxt ərzində mülki xidmətdə də irəliləyir: ona "kollec asessoru" titulu verilir. Həmin dövrdə bu titul cəmiyyətdə kifayət qədər hörmətli bir mövqeni bildirirdi: ona layiq görülənlərin dövlət qarşısındakı xidmətlərini təzahür edirdi.
(davamı var)
Sevda Abdullayeva,
ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin
aparıcı mütəxəssisi

