Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-20,
Seanews
Heyder Eliyev

Bakı buxtasında gəmilərin azadlıq mübarizəsi

Xalqımızın öz azadlığı, suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixi olan 20 Yanvardan 36 il ötür. Amma bu gün də o qanlı gecənin dəhşətlərini və sonrakı günlərin bitib-tükənməyən həyəcanlarını xatırlayanda hər bir azərbaycanlının qəlbi dağlanır.

O gecə insanlıq simasını itirənlərin xalqımıza qarşı törətdiyi ağlasığmaz qəddarlığın, cinayətin şahidi olduq. Xalqımızın istiqlaliyyət arzusunu boğmağa çalışanlar məkrli niyyətlərini gerçəkləşdirmək üçün şaxtanın iliyə işlədiyi soyuq bir qış gecəsini də yəqin təsadüfən seçməmişdilər. Bununla belə, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş qanlı 20 Yanvar gecəsində həsrətində olduğumuz Azadlıq günəşinin hərarətini daha yaxından hiss etdik. 20 Yanvar müstəqilliyə gedən yolumuzu xeyli qısaltdı. Başqa sözlə, günahsız, əliyalın mülki şəxslərin həyatına son qoyan, dinc sakinləri ömürlük şikəstə çevirən bu misilsiz cinayət sovet imperiyasının süqutunu sürətləndirdi.

20 Yanvar tarixi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin dənizçilərinin də ünvanına qəhrəmanlıq, hünər günü kimi yazılıb. O vaxt Xəzər Dəniz Neft Donanmasının mahir gəmi sürücüləri Murad Əliyev, Mövlud Əliyev, Kərəm Məmmədov, Müzəffər Əliyev, Gülağa Məcidov, Kişi Mütəllimov, Firudin Hüseynov, Səhman Rüstəmov, İbrahim Salayev, Ağalar İbrahimov, Rövşən Dəmirov, Elxan Hüseynov, Fizuli Bünyatov və başqa dənizçilərin cəsarətli addımları sovet hərbi gəmilərinin Bakı buxtasına yan almasının və imperiya əsgərlərinin törətdiyi qətliamı davam etdirməsinin qarşısını almaqda mühüm rol oynamışdı.

Ölümün gözünə dik baxan dənizçilərimiz o günlərdə sovet hərbçilərinin təcavüzünə qətiyyətlə sinə gərdilər. Yanvarın 20-də hərbi gəmilərin hərəkətinə yol verməmək üçün Xəzər Dəniz Neft Donanmasının müxtəlif təyinatlı 100-dən çox gəmisi Bakı buxtasına gedən yolu kəsdi. Fəaliyyətlərini nizamlamaq üçün “Sabit Orucov“ gəmisini qərargaha çevirən dənizçilər 7 gəmi sürücüsündən ibarət Kapitanlar Şurası yaratdılar. Şura əli Azərbaycan xalqının qanına batmış Sovet ordusu birləşmələrinin Bakıdan çıxarılması ilə bağlı bir neçə maddədən ibarət tələbnamə hazırlayaraq, keçmiş İttifaqın rəhbəri Mixail Qorbaçova ünvanladı.

Bundan başqa, mövcud informasiya blokadasını yarmaq, dünyaya Bakıda törədilən qanlı hadisə barədə həqiqətləri çatdırmaq üçün dənizçilər yekdilliklə hər saatdan bir dəniz həyəcan siqnalı olan “SOS” yaymağa başladılar. “SOS”un əks-sədası özünü çox gözlətmədi. Bir saatdan sonra dənizçilərimizin ünvanına Qara dənizdən, Baltik dənizindən ilk radioqramlar daxil oldu. Bütövlükdə, 50-dən çox ölkənin dənizçiləri Bakı buxtasından yayılan dəniz siqnalını qəbul edib misilsiz qırğından xəbər tutdular və bu ədalətsizliyə qarşı qiyam qaldıran Azərbaycan dənizçiləri ilə həmrəy olduqlarını bildirdilər.

Dənizçilərimizin inadkarlığını görən sovet hərbi gəmiləri yanvarın 20-də hərəkətə keçdi və mülki gəmilərimizi müxtəlif silahlardan atəşə tutdu.

Gəmiləri məhv olmaqdan xilas etmək naminə onlar öz körpülərinə yan almağa məcbur oldular. Sahilə çıxandan sonra isə qondarma ekstremist damğası ilə həbs edilən 50-yə yaxın dənizçimiz imperiyanın müxtəlif, o cümlədən Orenburq və Ulyanovsk şəhərlərindəki həbsxanalarında işgəncələrə məruz qaldı.

Çətin, şərəfli peşə sahibi dənizçilər təbiət etibarı ilə cəsur, fədakar adamlardırlar. 36 əvvəl il - 20 Yanvar faciəsi günlərində göstərdikləri şücaət də onların təbiətindən, bir də dor ağacında müstəqil Azərbaycanın üçrəngli bayrağı dalğalanan gəmilərdə yaxın-uzaq səfərlərə çıxmaq arzularından qaynaqlanmışdı...  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır