Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-23,
Seanews
Heyder Eliyev

Bakı dənizçilik sinfindən Akademiyaya

Azərbaycan Dövlət Dəniz Akademiyasının 30 illiyinə                               

 Beşinci yazı

Azərbaycanda dənizçilik təhsili verən bu yeganə tədris ocağı tarixin müəyyən mərhələlərində müxtəlif adlarla fəaliyyət göstərsə də, savadlı mütəxəssislər hazırlamaq kimi nəcib missiyası həmişə dəyişməz qalmışdır.

Keçən əsrin 30-cu illərində texnikumun bir çox məzunu ölkədə vüsət almış quruculuq işlərində, o cümlədən dəniz nəqliyyatı infrastrukturunun yenilənməsiində böyük əzmlə çalışmış, bilik və bacarıqlarını ümumi işin xeyrinə əsirgəməyərək Xəzər Gəmiçiliyinin tarixinə yeni səhifələr yazmışlar.

Lakin İkinci Dünya Müharibəsinin başlanması dinc yaradıcı quruculuq işlərinin axarını dondurdu, bütün qüvvələri amansız düşmənlə döyüşə səfərbər etdi. Həmin dövrdə texnikumun müəllimləri kimi, məzunların da bir çoxu silahlanaraq cəbhəyə yola düşdü. Arxa cəbhədə qalanlar isə öz fədakar əməkləri ilə ön xətdə vuruşanlardan geri qalmır, ordunu aramsız olaraq yanacaq, silah-sursat və qoşun hissələri ilə təmin edirdilər. Məhərrəm İsmayılov, Əlibala Rəcəbov, Vəli Rəhimov, Hacımurad Pənahov, Dərya Dadaşov, Fətulla Fətullayev və ilk azərbaycanlı qadın kapitan Şövkət Səlimova öz adlarını Xəzər Gəmiçiliyinin salnaməsinə qızıl hərflərlə yazdırdılar.

Bu təhsil ocağını 1944-cü ildə bitirmiş Rizvan İbrahimovun nəsibinə isə özünü təcrübəli uzaq səfərlər kapitanı kimi məhz Şimal Dövlət Dəniz Gəmiçiliyində təsdiqləmək yazıldı. O, texnikumu bitirdikdən sonra sözügedən gəmiçiliyin "Vologda" yük-sərnişin paroxodunda kapitanın üçüncü köməkçisi kimi əmək fəaliyyətinə başladı. "Vologda" həmin dövr üçün kifayət qədər böyük gəmi sayılırdı: dedveyti 4180 ton idi, həmçinin 108-i kayutda, 60-ı göyərtədə olmaqla 168 sərnişin götürə bilirdi.  

Həmin vaxt Ağ və Barents dənizlərində üzmək son dərəcədə təhlükəli idi. Düşmənin sualtı qayıqları və aviasiyası istər konvoyları, istərsə də tək hərəkət edən nəqliyyat gəmilərini hədəf seçirdi. "Vologda" paroxodu Kareliya cəbhəsindən döyüşçülərin, Kola yarımadasından isə dinc sakinlərin təxliyəsini həyata keçirir, hərbi təyinatlı yüklər daşıyırdı. Gənc şturman Rizvan İbrahimov öz biliyi, səriştəsi və qətiyyəti ilə müharibə dövrünün sınaqlarından şərəflə çıxmağı bacardı. Onun  döyüş və əmək xidmətləri yüksək dərəcəli orden və medallarla təltif edildi.

Müharibədən sonra R. İbrahimov vicdanlı əməyi ilə xidmətdə sürətlə yüksəldi. İşdən ayrılmadan Admiral S.O.Makarov adına Leninqrad Ali Mühəndis Dənizçılık  Məktəbini (LVIMU – indiki Dövlət Dəniz və Çay Donanması Universiteti) bitirən Rizvan İbrahimov uzaq səfərlər kapitanı kimi fəaliyyətini davam etdirdi. O, hamiyəçi kapitan, daha sonra isə Şimal Dəniz Gəmiçiliyinin baş şturmanı vəzifəsinə irəli çəkildi, “Dəniz donanmasının fəxri işçisi” adına layiq görüldü.

FOTO. Azərbaycanın adlı-sanlı kapitanları

                                          (davamı var)

Sevda Abdullayeva,

ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin

aparıcı mütəxəssisi

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır