Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-27,
Seanews
Heyder Eliyev

Bakı dənizçilik sinfindən Akademiyaya

Azərbaycan Dövlət Dəniz Akademiyasının 30 illiyinə                    

Altıncı yazı

1944-cü il martın 5-də Dövlət Müdafiə Komitəsinin (DMK) “Dəniz donanması üçün komanda kadrlarının hazırlanması üzrə tədbirlər haqqında” 5311 №-li qərarı işıq üzü gördü. Bu qərar yaxın gələcəkdə SSRİ-də dənizçilik təhsilinin inkişaf istiqamətini müəyyən etdi.

İkinci Dünya Müharibəsi illərində dənizçilik mütəxəssisləri arasında itkilər böyük idi. Leninqrad, Odessa, Novorossiysk kimi dənizçilik mərkəzləri bilavasitə döyüş əməliyyatları zonasına düşmüşdü. Bu səbəbdən, 1943-cü il oktyabrın 5-də “SSRİ Xalq Dəniz Donanması Komissarlığının gəmiləri və müəssisələri üçün kütləvi peşə kadrlarının hazırlanması haqqında” 4255 №-li qərar qəbul edilmişdi. Həmin qərarla əmək ehtiyatları sisteminə daxıl olan təhsil müəssisələrində matros, ocaqçı, maşinist, motorist və radioperatorların hazırlığının təşkili nəzərdə tutulurdu.

5311 №-li qərarda isə xüsusi olaraq vurğulanırdı ki, dənizçilik texnikumlarında mütəxəssis hazırlığının mövcud təcrübəsi müasir gəmiçilik texnikasının, mürəkkəb gəmi və liman mexanizmlərinin idarə edilməsi səviyyəsinə cavab verən kadr təminatını ödəmir. Məhz bu problemin həlli məqsədilə bir sıra orta ixtisas dənizçilik texnikumlarını yenidən təşkil etməklə ali dənizçilik məktəblərinin yaradılması qərara alınırdı.

1944-cü il iyunun 7-də SSRİ Dəniz Donanması Xalq komissarı P. P. Şirşovun imzası ilə iki dənizçilik texnikumunun yenidən təşkil olunması ilə ali təhsil müəssisələrinin – Leninqrad Ali Dənizçilik Məktəbi və Vladivostok Ali Dənizçilik Məktəbinin yaradılması haqqında əmr işıq üzü gördü. Odessa azad edildikdən sonra bu siyahıya daha iki ali təhsil ocağı əlavə edildi. Bundan əlavə, dənizçilik təhsilinin islahatı çərçivəsində Sovet İttifaqı məkanında yeni orta dənizçilik məktəbləri də açıldı. Nəticədə ilin sonunadək SSRİ-də artıq dəniz mütəxəssisləri hazırlayan dörd ali təhsil müəssisəsi və 12 dənizçilik məktəbi fəaliyyət göstərirdi. Həmin məktəblərə “qapalı” tədris ocağı statusu verilmişdi ki, bu da müdavimlərin tam dövlət təminatında olduğunun göstəricisi idi: qidalanma, geyim, yaşayış və təhsil dövlət tərəfindən qarşılanırdı.

Bakı Dənizçilik Texnikumu yenidən təşkil olunduqdan sonra Bakı Dəniz Yolları Məktəbi adını aldı və onun ilk məzun buraxılışı 1945-ci ilin iyun-iyul aylarında baş tutdu. Buraxılışın məzunları arasında gələcəkdə Xəzər Dəniz Gəmiçiliyinin çoxminli kollektivinə 19 il rəhbərlik edəcək Cabbar Həşimov və 1954-cü ildən etibarən sözügedən məktəbin kollektivinin eyni müddətdə rəhbəri olacaq Məcid Qardaşov da vardı.

 FOTO. Cabbar Həşimov

Cabbar Əzim oğlu Həşimov Bakı Dəniz Yolları Məktəbinin Gəmi sürücülüyü fakültəsini bitirəndən sonra Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasına məxsus “Özbəkistan”, “Sırdərya” və digər  gəmilərdə işləyib. 1952-ci ildə təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq Gəmiçiliyin sahil heyətində işə cəlb olunub və burada 1965-ci ilədək böyük inspektor, bölmə rəhbəri, kadrlar şöbəsinin rəisi vəzifələrində çalışıb. Həmin dövrdə həm də ali təhsil alıb: 1964-cü ildə Оdessa Su Nəqliyyatı Mühəndisləri İnstitutunu “İstismarçı mühəndis” ixtisası üzrə bitirib.

1965–1968-ci illərdə Gəmiçilik rəisinin müavini, 1968–1987-ci illərdə Gəmiçiliyin rəisi, 1994-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi rəisinin müşaviri vəzifələrində işləyib.

Cabbar Həşimov “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu”, “Şərəf Nişanı” ordenləri və çoxsaylı medallarla təltif olunub, “Əməkdar nəqliyyat işçisi” və «Dəniz Donanmasının fəxri işçisi” adlarına layiq görülüb.

 

FOTO. Məcid Qardaşov

Məcid Şıxəmir oğlu Qardaşov 1945-ci ildə Bakı Dəniz Yolları Məktəbinin Gəmi mexanikası bölməsini, 1950-ci ildə isə Odessa Ali Dəniz Mühəndisləri Məktəbinin eyni adlı fakültəsini bitirib. O, həmin ildə Bakı Dəniz Yolları Məktəbində xüsusi fənn müəllimi kimi fəaliyyətə başlayıb və 1954-cü ilə qədər burada Gəmi mexanikası bölməsinin dekanı, məktəb rəisinin müavini işləyib. 1954-cü ildə məktəbin rəisi vəzifəsinə irəli çəkilib. 1973-cü ildən 1987-ci ilə qədər isə təcrübəli pedaqoq SSRİ Dəniz Donanması Nazirliyinin orta xüsusi tədris müəssisələri bölməsinə rəhbərlik edib.  

Məcid Qardaşov  “Şərəf Nişanı” ordeni, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilib, “Dəniz Donanmasının fəxri işçisi” adına layiq görülüb.

Lakin hələ 1945-ci il davam edirdi və məktəbin əsaslı inkişafı üçün çox işlərin görülməsinə ehtiyac vardı. Belə bir vaxtda məktəbə rəhbərlik etmək polkovnik Ağaisa Mustafayevə həvalə olundu.

 

FOTO. Ağaisa Mustafayev

Ağaisa  Cabbar oğlu Mustafayev 1922–1931-ci illərdə Xəzər hərbi dəniz donanmasında xidmət edib. Polkovnik 1931-ci ildən etibarən  taleyini dənizçilik təhsili verən tədris ocağı ilə bağlayıb və burada müəllim, hərbi hazırlıq rəhbəri, hərbi hazırlıq işləri üzrə rəis müavini işləyib. 1945-ci ildə məktəbə rəis təyin olunub.

Tələbkarlığı ilə seçilən Ağaisa müəllim ilk baxışdan sərt adam təsiri bağışlasa da, müdavimlərin yaddaşında hədsiz dərəcədə mehriban, həssas və onlara həqiqi mənada ata kimi qayğıkeşlik göstərmiş bir insan kimi qalmağı bacarmışdı. Ağaisa müəllimin çoxsaylı yetişdirmələrinin xoş sorağı, demək olar ki, vaxtilə Sovet İttifaqında fəaliyyət göstərən bütün gəmiçiliklərdən gəlib.

Əməkdar müəllim Ağaisa Mustafayev mədəni və nəcib insan kimi kollektivdə böyük nüfuz və hörmət sahibi olub. Onun fədakar əməyi layiqincə qiymətləndirilib:  “Qırmızı Ulduz” və “Qırmızı Bayraq” ordenləri, habelə bir çox medalla təltif edilib, “Dəniz Donanmasının fəxri işçisi” adına layiq görülüb.

  (Davamı var)

 Sevda Abdullayeva,

ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin

aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır