Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-04,
Seanews
Heyder Eliyev

Ömrünü Azərbaycan gəmiçiliyinə həsr edən baş mexanik

İyulun 21-də uzun illər Azərbaycan dənizçiliyinin inkişafına xidmət etmiş təcrübəli gəmi mexaniki Nağı Mir Cəlal oğlu Seyidovun anadan olmasının 79 ili tamam olur.

Nağı Seyidov 21 iyul 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyük Düz kəndində anadan olub. Dənizçiliyə olan marağı onu 1962-ci ildə Bakı Dəniz Yolları Məktəbinin gəmi güc qurğuları şöbəsinə gətirib. O, 1967-ci ildə həmin məktəbi bitirib, daha sonra bilik və peşə hazırlığını artırmaq məqsədilə Odessa Ali Dəniz Mühəndisləri Məktəbində (indiki Odessa Milli Dəniz Universiteti) təhsil alıb. 1982-ci ildə gəmi güc qurğularının istismarı ixtisası üzrə mühəndis-gəmi mexaniki ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 1967-ci ildə Xəzər Dəniz Gəmiçiliyində başlayan Nağı Seyidov uzun illər nəqliyyat donanmasının gəmilərində IV, III, II və baş mexanik vəzifələrində çalışıb. Peşəkarlığı, yüksək məsuliyyəti və təcrübəsi sayəsində sonrakı illərdə Gəmiçiliyin müxtəlif mühəndis-texniki və rəhbər vəzifələrinə irəli çəkilib.

1994-cü ildə məsləhətçi mexanik təyin olunan Nağı Seyidov, 1997-ci ildə Xəzər Dəniz Donanmasının Texniki İstismar Xidmətinin rəis müavini, 2001-ci ildə isə həmin xidmətin rəisi vəzifələrində çalışıb. Sonrakı illərdə yenidən məsləhətçi mexanik kimi fəaliyyət göstərib, 2003-cü ildən etibarən isə “Xəzər Dəniz Gəmi Təmiri” İstehsalat Birliyində baş mühəndis vəzifəsini müvəqqəti icra edib.

2005–2017-ci illərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Həyat” gəmisində baş mexanik kimi çalışan Nağı Seyidov zəngin bilik və təcrübəsini gənc dənizçilərlə bölüşərək onların peşəkar yetişməsinə də öz töhfəsini verib.

Səmərəli və qüsursuz fəaliyyətinə görə o, 1987-ci ildə “Ən yaxşı baş mexanik” fəxri adına layiq görülüb. 1998-ci ildə isə “Xəzər Dəniz Donanmasının fəxri işçisi” adı və döş nişanı ilə təltif edilib.

Nağı Seyidov 17 may 2026-cı ildə vəfat edib.

Nağı Seyidov peşəkarlığı, zəhmətkeşliyi və yüksək insani keyfiyyətləri ilə həmkarlarının və onu tanıyanların yaddaşında dərin iz qoyub. Onun dənizçiliyimizin inkişafına verdiyi töhfələr bu gün də ehtiramla xatırlanır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır