Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-18,
Seanews
Heyder Eliyev

Bakı dənizçilik sinfindən Akademiyaya

Azərbaycan Dövlət Dəniz Akademiyasının 30 illiyinə

Yeddinci yazı

1947-ci ildə məktəbdə qiyabi bölmə açıldı. Bu, istehsalatdan ayrılmadan bir çox işçiyə mütəxəssis kimi püxtələşməyə imkan yaratdı. İkinci Dünya müharibəsində kadr çatışmazlığı səbəbindən dənizçiləri əvəz edən yunqa məktəbinin yetirmələri, müharibə dövrünün tələblərinə uyğun olaraq qısa kurs və ya təlimat keçmiş işçilər bu yolla qazandıqları bacarıq və səriştələri nəzəri biliklərlə möhkəmləndirmək şansı əldə etdilər.

Belə şanslılardan biri də gələcəkdə Xəzər Dəniz Gəmi Təmiri İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışacaq Həqiqət Yunus oğlu Qasımov idi.

 

FOTO. Həqiqət Qasımov 

Həqiqət Qasımov əmək fəaliyyətinə 1952-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin Zaqfederasiya adına Gəmi Təmiri Zavodunda fəhlə kimi başlayıb. 1958–1963-cü illərdə Bakı Dəniz Yolları Məktəbinin qiyabi şöbəsində təhsil alıb, daha sonra istehsalatdan ayrılmadan Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunda təhsilini davam etdirib. 1970-ci ildə “Mühəndis-mexanik” ixtisası üzrə diplom alıb. 1970–2000-ci illərdə ali təhsilli mütəxəssis kimi qaynaq sahəsinin rəis müavini, çilingər sahəsinin rəisi, direktor müavini və direktor vəzifələrində çalışıb.

Yüksək təşkilatçılıq qabiliyyəti və liderlik keyfiyyətləri nəzərə alınaraq 2001-ci ildə Xəzər Dəniz Gəmi Təmiri İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin edilib və o, bu vəzifədə 2009-cu ilədək çalışıb. H.Qasımov “Şərəf Nişanı”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” və “Şöhrət” ordenləri ilə təltif edilib,  “Dəniz Donanmasının fəxri işçisi” adına layiq görülüb.

Bakı Dəniz Yolları Məktəbində qiyabi şöbənin, habelə komandir heyəti üçün məktəbin nəzdində ixtisasartırma kurslarının açılışı kadrların hazırlanması işində dönüş yaratdı. Müharibədən sonrakı illərdə neçə-neçə mütəxəssis Xəzər dənizçilərinin zəfər salnaməsinə öz imzasını qoydu.

1958-ci ildə Xəzər dənizçilərinin həyatında daha bir əlamətdar hadisə baş verdi. Respublika iqtisadiyyatının aparıcı sahəsi olan dəniz nəqliyyatında ali təhsilli kadrlara artan tələbatı ödəmək məqsədilə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Bakı filialı yaradıldı.

Tədris ocağının təşkili kimi gərgin əmək və böyük təşkilatçılıq qabiliyyəti tələb edən bu missiya o zaman Azərbaycan Dövlət Universitetində çalışan Ələsgər Məmmədhüseyn oğlu Hacıyevə həvalə edildi. Bu tapşırığın öhdəsindən bacarıqla gələn Ə.Hacıyev ali məktəbin fəaliyyətə başladığı 1958-ci ildən etibarən 26 il ərzində onun əvəzedilməz dekanı oldu. Həmin müddətdə bu ali təhsil ocağı Gəmiçiliyin donanması üçün 3 minə yaxın gənc mütəxəssis hazırladı.

Yüksəkixtisaslı dənizçi kadrlarının hazırlanmasına yönəlmiş addımlar öz bəhrəsini xüsusilə 1960-cı ildə büruzə verdi. Həmin ildə Xəzər Dəniz Gəmiçiliyinin dayazoturumlu “Mühəndis A.Pustoşkin” tipli tankerlərinin Qara dəniz və Aralıq dənizində istismarına icazə verildi. Uzaq səfərlərə göndərilən heyətlər məhz həmin yüksək hazırlıqlı mütəxəssislərdən təşkil olundu və bu amil gəmilərimizin xarici sularda uğurlu istismarını təmin etdi. Beynəlxalq səfərlər Xəzər dənizçilərinə donanmanın üzmə coğrafiyasını genişləndirməklə yanaşı, öz təcrübələrini dünya standartları səviyyəsinə qaldırmağa imkan verdi.

“Gürgan”, “Neftçala”, “Ucar” və “Cəbrayıl” tankerləri uzaq səfərlərə çıxan ilk gəmilər sırasında idi. Bu heyətlərin uğurlu fəaliyyəti sonradan xarici səfərlərə cəlb edilən gəmilərin sayını daha da artırdı. Artıq 1962-ci ildə Türkiyə, İtaliya, İspaniya, Fransa, Misir, Tunis və Bolqarıstan limanları arasında neft və neft məhsulları daşımaq üçün tankerlərin böyük bir qismi Qara dəniz hövzəsinə yönləndirilmişdi.

1963-cü ildə xarici üzgüçülükdə yükdaşımalar planını 2 dəfədən artıq yerinə yetirən Xəzər dənizçiləri beynəlxalq sularda özlərini yüksək peşəkar kimi təsdiq etdilər. Bu səfərlərdə Xəzər Dəniz Gəmiçiliyinin etibarlı tərəfdaş kimi tanınmasında Hacımurad Pənahov, Dərya Dadaşov, Əli Şirəliyev, Ağarəşid Ağasıyev, Əli Zeynalov, Cabir Məmmədov, Oqtay Veysov, İsa Fərmanov, Kərim İsgəndərov kimi ustad kapitanların rolu əvəzedilməz idi.   

Yetirmələri ilə haqlı olaraq fəxr edən tədris ocağının kollektivi 1981-ci ildə Bakı Dəniz Yolları Məktəbinin yaradılmasının 100 illik yubileyini qeyd etdi. O zaman respublikanın rəhbəri Heydər Əliyev SSRİ Dəniz Donanmasının naziri Timofey Qujenkonu ölkə iqtisadiyyatında önəmli rol oynayan Xəzər Dəniz Gəmiçiliyi üçün bacarıqlı kadrlar yetişdirən qocaman təhsil müəssisənin yubileyində iştirak etmək üçün Azərbaycana dəvət etmişdi.  

                                                                                                                                                                                                                                                             FOTO. Yubiley tədbiri                                       

                                                                                                                                                                                                                                                            (Davamı var)

 

 Sevda Abdullayeva,

 ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin

 aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır