Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-27,
Seanews
Heyder Eliyev

Bakı dənizçilik sinfindən Akademiyaya

Azərbaycan Dövlət Dəniz Akademiyasının 30 illiyinə

OXU: Birinci yazı

Kapitan Filipov mövcud şəraiti lazımınca qiymətləndirərək, ixtisaslı dənizçi kadrlarına ehtiyacın daha da artacağı qənaətinə gəlir və tezliklə Bakı dənizçilik sinfinin ikinci dərəcəyə yüksəldilməsi üçün tədbirlər görməyə başlayır. Bununla belə, Filipovun səyləri nəticəsiz qalır.

1890-cı ilin mayında "Kaspi" qəzeti Bakıda dənizçilik təhsili və yeni tipli dənizçilik məktəblərinin yaradılması haqqında yazır: "Ticarət Gəmiçiliyinə Yardım Cəmiyyəti özünün son iclasında yeni tip dənizçilik sinifləri – ticarət gəmiçiliyi məktəblərinin təşkili barədə vəsatət qaldırmağa qərar vermişdir. 1867**-ci ildə təsdiq edilmiş Əsasnaməyə uyğun fəaliyyət göstərən mövcud siniflər ticarət donanmasının ehtiyaclarını qətiyyən ödəmir. Orada təhsil alan şəxslər erkən yaşlarından dəniz peşəsi ilə məşğul olsalar da və aşağı vəzifələri (yunqa, matros və s.) keçsələr də, ticarət gəmiçiliyi üçün zəruri olan kifayət qədər ümumi təhsilə malik deyillər. Layihələndirilən yeni məktəblərə isə özünü ticarət gəmiçiliyinə həsr etmək istəyən, lakin buna praktiki hazırlaşdırılmamış gənclər qəbul ediləcəkdir."

Məqalədən aydın olur ki, dənizçilik təhsili müasir çağırışlara cavab vermir. Ticarət donanmasını inkişaf etdirmək üçün "şkiper"lərə (gəmi kapitanları) və "şturman"lara (gəmi sürücüləri) olan tələbat hələ də dövlət əhəmiyyətli məsələ olaraq qalır. Bu yerdə "Kaspi"nin yazısı sözügedən sistemin daha peşəkar məktəb modeli ilə əvəz olunmasını tələb edən “ictimai çağırış” rolunu oynayır.

1891-ci ilin oktyabrında “Kaspi” qəzeti yenidən dənizçilik təhsilini gündəmə gətirir: Bu dəfə "Bizim dənizçilik sinfimiz" (Нашъ мореходный классъ) başlıqlı və mövcud problemləri çox kəskin tənqid edən bir məqalə dərc edir. Məqalədə Bakı dənizçilik sinfinin ikinci dərəcəli təhsil ocağına çevrilməsi ilə bağlı vəsatətin neçə il qaldırılmasına baxmayaraq, yalnız keçən il rəsmiyyətə salındığı, lakin hələ də həllini tapmadığı qeyd olunur.

Məqalədə problemin mahiyyəti belə işıqlandırılır: ““Şkiper” sinfinin açılması ticarət donanmamız üçün həyati əhəmiyyət kəsb edir... Hazırkı vəziyyətdə dənizçilik sinfimiz praktiki olaraq faydasızdır. Orada gənclərin keçdiyi xüsusi kurs o qədər bəsit, aldıqları ümumi təhsil o qədər cüzidir ki, gəmi sahibləri onlara məsuliyyətli iş verməkdə tamamilə haqlı olaraq tərəddüd edirlər.”

Müdavimlərin üzləşdikləri çətinliklər barədə yazılır ki, 15–16 yaşlı, güclə oxumağı bacaran gənc üç qış semestri (cəmi 12 ay) ərzində bir qədər səy göstərməklə o qədər də çətin olmayan dərsləri mənimsəyə bilir. 18 yaşında gənc sahilyanı üzmə (kabotaj) şturmanı olur, lakin 21 yaşına çatmayana qədər diplom ala bilmir. Bu üç il ərzində işsiz qalan gənc öyrəndiyi vərdişləri unudur və dənizçilikdən soyuyub başqa işlər axtarmağa başlayır.

Problemin mümkün həll variantı da təklif edilir. “Kaspi” yazır ki,əgər birinci “şturman” sinfini mənimsəmiş gənc dərhal ikinci “şkiper” sinfinə keçə bilsəydi, bu problem həll olunardı. Gənc dənizçi 20 yaşında təhsilini bitirərdi, bilikləri daha möhkəm, təcrübəsi isə daha geniş olardı. Bu, gəmi sahiblərinin münasibətini dəyişərdi.

“Eyni zamanda həm oxuyub, həm də işləyən kasıb ailələrin övladları üçün ödənişsiz “şkiper” sinfi mütləqdir" fikrini oxucuya birmənalı şəkildə çatdıran məqalə "Duma artıq vəsait ayırıb. Bəs onda iş niyə ləngiyir?" sualı ilə tamamlanırdı.

Bu, vaxtında verilən bir sual idi. Ticarət donanması sürətlə inkişaf edirdi. Dəniz nəqliyyatının təkmilləşdirilməsi yüksəkixtisaslı kadrlara tələbatı günbəgün artırırdı. Belə bir vaxtda “şkiper” sinfinin açılmaması ibtidai dənizçilik təhsili olan gəncləri 21 yaşına qədər "boşluqda" saxlayırdı...

Nəhayət, 1891-ci il 20 oktyabrda Bakı dənizçilik sinfinin nəzdində müvəqqəti olaraq bir tədris ili müddətinə "şkiper" şöbəsinin açılmasına icazə verilir.

(davamı var)

** Burada Rusiya İmperiyasında 1867-ci il 27 iyun tarixində təsdiqlənmiş “Dənizçilik sinifləri haqqında Əsasnamə” nəzərdə tutulur.

 

Sevda Abdullayeva,

ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin

aparıcı mütəxəssisi 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır