Xəzər Dəniz Neft Donanmasının yaradılmasından 76 il ötür
31 oktyabr 1949-cu il tarixi təkcə Azərbaycanda deyil, bütün dünya neft tarixində bir dönüş nöqtəsi oldu. Məhz bu gün SSRİ Nazirlər Sovetinin qəbul etdiyi qərar Xəzərin dərinliklərində ilk yataqların işlənməsinə, yəni “Neft Daşları” kimi nəhəng bir layihəyə rəsmi start verdi. Bu, açıq dənizdə neft sənayesi üçün bir ilk idi!
Layihənin icrası dənizdə qazma və nəqliyyat texnologiyalarının sürətli inkişafına səbəb oldu. Bu, sadəcə neft sənayesi üçün deyil, həm də Azərbaycanın dənizdəki mövqeyinin güclənməsi baxımından mühüm strateji addım idi.
Həmin ilin 4 noyabrında, bu böyük layihənin icrası ilə əlaqədar dənizdə neftçilərin ehtiyaclarını ödəmək məqsədilə “Üzən vasitələr” idarəsinin yaradılması ilə Xəzər Dəniz Neft Donanmasının əsası qoyuldu.
Bu gün ASCO-nun tərkibində fəaliyyət göstərən həmin ixtisaslaşdırılmış donanma öz gəmiləri ilə Azərbaycanın dəniz neft tarixinə yeni səhifələr yazır.

