Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Tağıyev gəmiçilik şirkətini niyə satır? – ARAŞDIRMA

XX əsrin əvvəllərində Volqa və Xəzərdə gəmiçilik sahəsində rəqabət xüsusi vüsət alır. Əvvəl fəaliyyət göstərən şirkətlərin sırasına yenilərinin əlavə edilməsi rəqabəti daha da gücləndirir. 1908-ci ildə Volqa çayında sərnişin və yük daşımaları ilə məşğul olan “Rus” gəmiçilik cəmiyyəti təsis olunur.  1910-cu ildən “Volqa” gəmiçilik cəmiyyəti fəaliyyətə başlayır. Bu cəmiyyətlərin hər biri bu və ya digər formada Xəzərlə bağlı idi. Deməli, həm də Xəzərdə fəaliyyət göstərən şirkətlərə rəqib idi.

Bu sərt rəqabət Xəzərdə bir sıra şirkətlərin sıradan çıxması, bəzi şirkətlərin isə birləşərək iri sindikatlar yaratması ilə nəticələnir. İri gəmiçilik şirkətlərinin “konvensiya yükdaşımaları” adlanan müqavilə əsasında birləşməsi Xəzərdə həmin şirkətlərin mövqeyini xeyli möhkəmləndirir. Söhbət dəniz və çay gəmiçiliyi şirkətlərinin öz aralarında, eləcə də dəmir yolu şirkətləri arasında birbaşa su-dəmiryolu daşımalarına dair müqavilələrin imzalanmasından gedir. Bu müqaviləyə qoşulan şirkətlər Xəzərdə əsas yüklərin daşınmasında inhisarçıya çevrilirlər.“Kavkaz i Merkuri”, “Vostoçnoye” Mal Anbarları Cəmiyyəti və “Nadejda” şirkətləri belə bir müqavilə imzalamaqla Qara dəniz-Qafqaz-Volqa-Zakaspi zonasında daşımalarda inhisar hüququ qazanırlar, çünki bu ərazidə su və dəmir yolu ilə daşınan əsas yüklər cəlbedici şərtlərə görə bu şirkətlərə etibar olunurdu.

Səhmlərinin böyük əksəriyyəti Hacı Zeynalabdin Tağıyevdə olan Kür-Xəzər Gəmiçiliyi Səhmdar Cəmiyyəti bu müqaviləyə qoşulmaq istəyir. Lakin Peterburq şirkətləri paytaxtda olan işgüzar əlaqələrindən istifadə etməklə Tağıyevin şirkətinin müqaviləyə qoşulmasına mane olurlar. Bundan sonra – 1900-cü illərin əvvəllərində Kür-Xəzər Gəmiçiliyi Səhmdar Cəmiyyəti bu sindikatla rəqabətə girir. Cəmiyyətin fəaliyyət siyasətini müəyyən edən Tağıyev “konvensiya yükdaşımaları” sindikatı ilə açıq mübarizəyə başlayır, bu məqsədlə bir çox şəhərlərdə yeni agentliklər və mal anbarları yaradır, donanmasının sayını artırır.  Kür-Xəzər Gəmiçiliyi Səhmdar Cəmiyyəti sindikatla mübarizə naminə yükgöndərənlər üçün xeyli güzəştlər, o cümlədən daşınma xərclərinin ödənməsində kredit tətbiq edir, cəmiyyətin anbarlarında malları pulsuz saxlayır və s.

Qısa zaman kəsiyində Tağıyevin şirkəti Peterburq şirkətləri üçün ciddi rəqibə çevrilir. Bu rəqabət “Kafkaz i Merkuri”nin fəaliyyətinə daha pis təsir göstərir. Şirkət sərnişin və yük daşımaları sahəsində xeyli itkiyə məruz qalır, bununla belə, Rusiya Nazirlər Şurasında Tağıyevin şirkətinin əleyhinə qərar qəbul edilməsinə nail olur. Nəticədə Kür-Xəzər Gəmiçiliyi Səhmdar Cəmiyyətinin əmlakı satışa çıxarılır.

1911-ci ildə “Kavkaz i Merkuri” “Vostoçnoye” Mal Anbarları Cəmiyyəti” ilə birlikdə Tağıyevin şirkətinin əmlakını almaq qərarına gəlir. Kür-Xəzər Gəmiçiliyi Səhmdar Cəmiyyətinin əmlakı 1.750.000 rubl dəyərində qiymətləndirilir. Əslində, bu şirkətin gəmiləri kifayət qədər köhnə idi, ona görə də “Kavkaz i Merkuri”nin rəhbərliyi bu şirkətin əmlakını onun “rəqiblərinin əlinə keçməməsi naminə” aldığını bildirir. Bu faktın özü də XX əsrin əvvəllərində Xəzər dənizində gəmiçilik şirkətləri arasında amansız rəqabətin mövcudluğundan xəbər verir. 

Sankt-Peterburqun 1947-ci ildən fəaliyyət göstərən “Nadejda” şirkəti gəmiçilikdə olan sərt rəqabətə tab gətirmir. Elə həmin 1911-ci ildə bu şirkətin ləğvetmə komissiyası əmlakını satışa çıxarır. “Kavkaz i Merkuri” və “Vostoçnoye” Mal Anbarları Cəmiyyəti” “Nadejda”nın gəmilərini və digər müvafiq əmlakını da alır. Bu alqı əməliyyatları “Kavkaz i Merkuri”nin imkanlarını bir az da genişləndirir. Lakin neft yanacağının bahalaşması ilə ortaya çıxan maliyyə çətinliklərini aradan qaldıra bilmir.

1913-cü il sentyabrın 5-də “Kavkaz i Merkuri”nin səhmdarlarının daha bir fövqəladə ümumi yığıncağı keçirilir. Yığıncaqda səhmdarlara məlumat verilir ki, Volqada və Xəzərdə, istisnasız olaraq, neft yanacağı ilə işləyən gəmiçilik böhran vəziyyətindədir. Çünki yanacaq kimi işlədilən neft qalıqları Bakıda günü-gündən bahalaşır. Əgər 1901-1903-cü illərdə Bakıda neft qalıqlarının pudunun orta qiyməti 8,69 qəpik təşkil edirdisə, 1912-ci ilin yanvarında qiymətlər 27,56 qəpiyə, ilin sonunda isə 38 qəpiyə qalxmışdı. O vaxt gəmiçiliyin yenidən odun və kömür yanacağından istifadə etməyə qayıtması isə qeyri-mümkün idi. Yanacağın qiyməti qalxdığından Xəzərdə daşınmaq üçün yüklər azalırdı. Buna görə də “Kavkaz i Merkuri” vəziyyətdən çıxış yolları axtarırdı. Yanacağa qənaət etmək məqsədilə altı yeni teploxod alınır. Bununla yanaşı, İdarə Heyəti şirkətin xərclərinin azaldılması məqsədilə ixtisarlar barədə də düşünür. Və şirkət rəhbərliyi eynitipli şirkətlərdən biri ilə birləşmək yolunu seçir və belə müəssisə kimi “Vostoçnoye” cəmiyyəti”nin üzərində dayanılır. Çünki indiyədək bu cəmiyyətlə İran Nəqliyyat Bürosunda birgə fəaliyyət, bir neçə gəmiçilik şirkətinin əmlakının şərikli alınması və s. kimi birgə iş təcrübəsi var idi.  1913-cü ildə bu iki şirkət birləşdirilir və birgə müəssisə “Kavkaz, Merkuri və Vostoçnoye”, qısaca “Kamvo” adlandırılır.

Müsəllim Həsənov

Azərbaycanın əməkdar mədəniyyət işçisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır