Təcrübəli dənizçi Çingiz Şamiloviç İzmayılov vəfat edib
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinə ağır itki üz vermişdir. Gəmiçilikdə tanınmış İzmayılovlar-Süleymanovlar nəslinin görkəmli nümayəndəsi olan Çingiz Şamiloviç İzmayılov uzun sürən xəstəlikdən sonra 2022-ci il aprelin 27-də ömrünün 74-cü ilində vəfat etmişdir.
Çingiz İzmayılov 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1968-ci ildə Bakı Dəniz Yolları Məktəbini, 1975-ci ildə Odessa Ali Dəniz mühəndisləri Məktəbini və 1991-ci ildə SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyasını bitirmişdir.
1968-1971-ci illərdə Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində matros, kapitanın üçüncü, ikinci köməkçisi işləmişdir.
1971-ci ildə komsomol və partiya işində çalışmışdır. Komsomol komitəsinin təlimatçısı vəzifəsindən Xəzər Dəniz Gəmiçiliyi partiya komitəsinin katibi vəzifəsinədək yüksəlmişdir.
1984-cü ildən Rumıniyada Sovet Dunay Gəmiçiliyi agentliyinin rəis müavini işləmişdir.
1987-ci ildə Xəzər Dəniz Gəmiçiliyi rəisinin birinci müavini təyin edilmişdir.
1997-ci ildən Rusiya Nəqliyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışmış, 2001-ci ildə Rusiya nəqliyyat nazirinin müavini təyin olunmuşdur.
Moskvada yüksək vəzifədə işlədiyi müddətdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyini unutmamış, hər nailiyyətinə sevinmişdir.
“Dəniz Donanmasının fəxri işçisi” olan Çingiz İzmayılov bir çox dövlət təltiflərinə layiq görülmüşdür.
Görkəmli bir nəslin layiqli davamçısı olan Çingiz İzmayılovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!