Qara dənizdə batan gəmidə 3 min ton kalsium karbonat və 7,5 ton dizel yanacağı olub
Qara dənizdə, Novorossiysk limanı yaxınlığında “Seamark” quru yük gəmisinin qəzaya uğradığı ərazinin tədqiqi zamanı çirkləndirici maddələrin həddindən artıq - 260 dəfə yüksək olduğu müəyyən edilib.
Bu barədə Rusiya Təbii Sərvətlərə Nəzarət üzrə Federal Xidmətin (“Rosprirodnadzor”) rəhbəri Svetlana Radionova öz “Telegram” kanalında yazıb.
Qəza hadisəsi çirkləndiricilərin sızmasına səbəb olub. Suyun səthində təxminən 300 kvadratmetrlik ləkə yaranıb.
Qeyd edək ki, “Cryos Shipping” MMC tərəfindən idarə olunan "Seamark" quru yük gəmisi (1981-ci ildə tikilib, Palau bayrağı altında üzüb) 2023-cü il fevralın 21-də əlverişsiz hava şəraiti səbəbindən Qara dənizdə batıb. Gəmidə 3,12 min ton kalsium karbonat və 7,5 ton dizel yanacağı olub. Hadisə Novorossiysk limanı yaxınlığında lövbər dayanacağı zonasında baş verib.
Xilasetmə əməliyyatı zamanı gəminin 11 heyət üzvündən 10-u xilas edilib, kapitanının ikinci köməkçisi isə həlak olub.
“Seanews.az”


