Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilib.

Konfransda müxtəlif dövlət qurumlarının, o cümlədən ASCO-nun, beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət təmsilçiləri və tələbələr iştirak ediblər.

Konfransda çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova COP29-un iqlim dəyişikliyi, su ehtiyatları, gender bərabərliyi və təhsil sahəsindəki qlobal problemləri həll etmək üçün dünya ölkələrini, ictimaiyyətin bütün təbəqələrini birləşdirmək və ortaq məqsədlər ətrafında həmrəy etməyə istiqamətlənmiş vacib bir platforma olduğunu vurğulayıb.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini vurğulayan B.Muradova Prezident İlham Əliyevin bu sahədəki çoxtərəfli fəaliyyətindən, həmçinin həyata keçirilən genişmiqyaslı layihələrdən danışıb.

“Su və gender bərabərliyi” mövzusunda konfransın rəsmi açılışından sonra “Təhsildə gender bərabərliyi və su ehtiyatları idarəçiliyi: Bərabər iştirakın təmin edilməsi” mövzusunda panel sessiya başlayıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, COP29 Təşkilat Komitəsinin üzvü Nigar Arpadarainin moderatorluq etdiyi panel sessiyada iqlim dəyişikliyinin qadınların həyatına təsiri, onların su ehtiyatlarının mühafizəsi və idarə edilməsində iştirakı, bu sahə ilə bağlı ixtisas seçiminə həvəsləndirilməsi, həmçinin kadr təyinatında gender balansının qorunması mövzularında müzakirə keçirilib.

Panelin spikerləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin müdiri Riad Axundzadə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru, COP29 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan müavini Hamlet Əliyev, FAO-nun Azərbaycan üzrə rəhbərinin müavini Bariz Mehdiyev mövzu üzrə çıxışlar ediblər.

Çıxışlarda suya əlçatanlığın ən əsas insan hüquqlarından biri olduğu, ölkəmizdə su təminatı, su ehtiyatlarından səmərəli istifadənin iqlim amilinin nəzərə alınaraq təmin olunması sahəsində həyata keçirilən tədbirlərdən, həmçinin qadınların su ehtiyatlarının idarə edilməsində, iqlim liderliyinin təşviqində böyük rol oynaya biləcəyi, bu istiqamətdə təşəbbüs və layihələrdə vətəndaş cəmiyyətinin iştirakı barədə danışılıb.

Spikerlərin çıxışları dinlənildikdən sonra iştirakçıların sualları cavablandırılıb və konfransın işinə yekun vurulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır