Aktauda konteyner qovşağının tikintisi limanın ötürmə imkanını 140 mindən 240 min TEU-ya çatdıracaq
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev işgüzar səfəri çərçivəsində Qazaxıstanın tranzit potensialının inkişafında mühüm rol oynayan və ölkənin əsas logistika mərkəzi olan Aktau Beynəlxalq Dəniz Limanına baş çəkib.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, dövlətin başçısına Manqistau vilayətinin nəqliyyat-logistika infrastrukturunun inkişaf perspektivləri, o cümlədən liman qurğularının modernləşdirilməsi və ölkənin tranzit potensialının genişləndirilməsi
planları barədə məlumat verilib.
Nəqliyyat naziri Marat Karabayevin sözlərinə görə, regionda ümumi dəyəri 1,9 trilyon tenge olan 24 infrastruktur layihəsi həyata keçirilir. 2024-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 62% artaraq 4,5 milyon tona çatıb.
Bu marşrut üzrə ümumilikdə 358 konteyner qatarı və 27 min avtomobil daşınıb, ixracın həcmi 3,2 milyon ton təşkil edib. 2028-ci ilə qədər bu rəqəmin 10 milyon tona çatdırılması planlaşdırılır. Aktauda konteyner qovşağının tikintisi aparılır ki, bu da şəhər
limanının tutumunu 140 mindən 240 min TEU-ya çatdıracaq.
Qazaxıstan Respublikası Prezidentinin rəsmi saytının yazdığına görə, daha sonra dövlət başçısı Manqistau vilayətinin sosial-iqtisadi inkişafı məsələlərinə həsr olunmuş müşavirə keçirib.
“Seanews.az”