IMO-nun yeni araşdırması: Hindistan alternativ gəmi yanacaqları üzrə regional mərkəzə çevrilə bilər
Hindistan alternativ gəmi yanacaqlarının tədarükü və bunkerlənməsi üzrə rəqabətqabiliyyətli regional mərkəzə çevrilmək potensialına malikdir. Bu nəticə Beynəlxalq Dəniz Təşkilatının (IMO) “Hindistanda alternativ gəmi yanacaqlarına potensial tələbat və qiymətlərin müəyyənləşdirilməsi” adlı araşdırmasında əksini tapıb.
“Seanews.az” xəbər verir ki, araşdırmaya görə, Hindistanın regional bazarda mövqeyi bioyanacaq və metanolun tətbiqi ilə möhkəmlənə bilər. Növbəti mərhələdə isə təchizat zəncirləri, infrastruktur və təhlükəsizlik mexanizmləri inkişaf etdikcə ammonyakdan istifadənin genişlənməsi gözlənilir.
Sənəddə ilkin mərhələdə Mundra, Cəvahirləl Nehru (JNPT), Çennai və Tutikorin limanlarında alternativ yanacaqların bunkerlənməsinin təşkili tövsiyə olunur. Metanol bu istiqamətdə ən uyğun başlanğıc yanacağı kimi qiymətləndirilir. İlk sınaq layihəsinin Mundra limanında həyata keçirilməsi və yanacağın Deendayal (Kandla) limanından tədarükü təklif edilir.
Təklif olunan fəaliyyət planı üç mərhələni əhatə edir: 2026–2030-cu illərdə seçilmiş limanlarda təhlükəsiz və rəqabətqabiliyyətli bunkerlənmənin təşkili, 2030–2035-ci illərdə əməliyyatların genişləndirilməsi və ammonyakla bunkerlənməyə hazırlıq, 2035–2047-ci illərdə isə çoxsaylı alternativ yanacaq növlərinin tədarükü və yaşıl gəmiçilik dəhlizlərinin inkişafı.


