“ClassNK” gəmilərin kiber təhlükəsizliyinin idarə olunması üzrə təlimatlarını yeniləyib
Yaponiyanın gəmi təsnifat cəmiyyəti “ClassNK” gəmilər üçün Kiber Təhlükəsizliyin İdarəetmə Sisteminə (CSMS) dair təlimatlarının ikinci nəşrini yayımlayıb. Yenilənmiş sənəddə audit tələbləri dəqiqləşdirilib və qiymətləndirmə meyarları beynəlxalq dənizçilik sektorunda istifadə olunan əsas yoxlama sistemlərinin tələbləri ilə uzlaşdırılıb.
“Seanews.az” xəbər verir ki, təlimatlar gəmi sahibləri və operatorları üçün nəzərdə tutulub. Sənəddə kiber risklərin idarə edilməsi, risklərin qiymətləndirilməsi, texniki mühafizə tədbirləri və kiber insidentlərə cavab mexanizmləri əhatə olunur.
“ClassNK”nın məlumatına görə, yeni nəşr ISO/IEC 27001 və ISO/IEC 27002 standartları əsasında hazırlanıb. Tələblər iki hissəyə bölünüb: kiber təhlükəsizliyin idarəetmə sisteminin ümumi çərçivəsi və audit zamanı uyğunluğu təsdiqləyən sənədlər.
Təlimatların ikinci nəşrində audit meyarları “RightShip RISQ”, “OCIMF SIRE 2.0”, “TMSA” və “DryBMS” kimi beynəlxalq qiymətləndirmə sistemlərinin tələbləri ilə müqayisə edilib. Bu yanaşma şirkətlərə müxtəlif yoxlamalar üçün vahid kiber təhlükəsizlik idarəetmə sistemindən istifadə etməyə və təkrarlanan qiymətləndirmə işlərini azaltmağa imkan verəcək.
“ClassNK” bu təlimatları ilk dəfə 2019-cu ildə Beynəlxalq Dəniz Təşkilatının (IMO) kiber risklərin Gəmilərin Təhlükəsiz İdarəetmə Sisteminə (ISM Code) daxil edilməsi tövsiyəsi əsasında hazırlayıb. Yenilənmiş sənəd kiber təhlükəsizliyin gəminin bütün istismar müddəti ərzində təmin edilməsinin vacibliyini də vurğulayır.


