Somali sahillərində İranın balıqçı gəmisi piratlar tərəfindən ələ keçirilib
Somalinin şimal-şərq sahillərində silahlı dəniz quldurları İranın “Azini” balıqçı gəmisini ələ keçirilib. Hadisə oktyabrın 29-da, saat 09:00 radələrində (UTC), Somalinin Bandarbayla şəhərindən təxminən 185 dəniz mili şərqdə baş verib.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
Avropa İttifaqının Hind okeanında Dəniz Təhlükəsizliyi Mərkəzinin (MSCIO) məlumatına görə, quldurlar gəmiyə daxil olduqdan sonra heyətin təhlükəsizliyi barədə informasiya əldə edilməyib.
Puntland dəniz polisinin nümayəndəsi “Associated Press” agentliyinə bildirib ki, hücumda 12 quldur iştirak edib. Gəmidəki 21 iranlı balıqçı və iki somalili mühafizəçi olmaqla, ümumilikdə 23 nəfər əsir götürülüb.
Şənbə gününə olan məlumata görə, “Azini” əvvəlki mövqeyindən daha 110 dəniz mili şərqə doğru hərəkət edərək ticarət gəmilərinin istifadə etdiyi əsas marşrutlardan birinə yaxınlaşıb.
MSCIO xəbərdarlıq edib ki, dəniz quldurları “Azini” gəmisindən daha böyük ticarət gəmilərini ələ keçirmək üçün üzən baza kimi istifadə edə bilərlər.


