NASCO29 konfransında dənizçilik üzrə üç elmi tədqiqat təqdim edilib
ASCO-nun Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin Qəza dəyanətliliyi üzrə sahil xidməti qrupunun rəhbəri, eyni zamanda Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) magistrantı Fərman Nağıyev və ADDA-nın “Gəmi sürücülüyü” fakültəsinin dekanı texnika üzrə fəlsəfə doktoru, dosent Elnur Abbasov Naxçıvan Dövlət Universitetində keçirilən Doktorantların və Gənc Tədqiqatçıların 29-cu Respublika Elmi Konfransında (NASCO29) iştirak ediblər.
Konfransın “Mühəndislik elmləri” bölməsində Fərman Nağıyev “İnteqrasiya olunmuş naviqasiya və DP sistemlərində kiber təhlükəsizlik riskləri” mövzusunda elmi məruzə ilə çıxış edib. Tədqiqat işi Fərman Nağıyev, Elnur Abbasov və Akademiyanın doktorantı Eldar Temirbulatov tərəfindən birgə hazırlanıb.
Konfrans çərçivəsində ADDA-nın magistrantı Aytac Rüstəmli və “Gəmi sürücülüyü” fakültəsinin dekanı Elnur Abbasovun həmmüəllifi olduqları ““Qurban Abasov” gəmisində DP avtomatlaşdırma səviyyəsinin kapitanın növbə köməkçisinin qərar verməsinə təsiri” mövzusunda elmi məruzə də təqdim olunub.
Bundan əlavə, ADDA-nın doktorantı Kənan Hüseynov konfransa onlayn qoşularaq “Gəmi elektroenergetik sistemlərində enerji saxlama texnologiyalarının tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.
Təqdim olunan elmi işlər aktuallığı və praktiki əhəmiyyəti baxımından yüksək qiymətləndirilib.
30–31 oktyabr tarixlərində keçirilən konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə baş tutub.





