“Disney Cruise Line” ilkin dəyəri 1,8 milyard avro qiymətləndirilən kruiz gəmisini cəmi 40 milyon avroya əldə etmişdi
Almaniyanın Vismar şəhərindəki “Meyer Werft” gəmiqayırma zavodunda yeni “Disney Adventure” laynerinin suya salınması mərasimi keçirilib.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, kruiz gəmisinin dokdan çıxarılması prosesi təxminən 90 dəqiqə çəkib. Bunun ardınca tamamlanma işlərinin görülməsi üçün “Disney Adventure” layneri körpüdə yerləşdirilib.
İstifadəyə verildikdən sonra “Disney Adventure” dünyanın ən böyük kruiz gəmiləri arasında yerini tutacaq: onun uzunluğu 342 metr, eni 46,4 metr, suya oturumu 9,5 metrdir.
Bu, “Disney Cruise Line”-nin tarixində ən böyük gəmidir və şirkət üçün Asiya kruiz bazarını açacaq.
Qeyd edək ki, gəmi əvvəlcə “Global Dream” adı ilə Asiya operatoru “Dream Cruises” üçün inşa edilirdi. 2022-ci ildə şirkət müflisləşəndən sonra “Disney” yarımçıq layneri cəmi 40 milyon avroya əldə etdi, halbuki onun ilkin dəyəri 1,8 milyard avro olaraq qiymətləndirilmişdi.
“Seanews.az”