Balker gəmilərinin satışlarında kəskin azalma müşahidə olunur
2025-ci ilin ilk rübündə balker gəmilərinin satış və alış əməliyyatlarında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 58% azalma qeydə alınıb.
Belə ki, bu dövrdə cəmi 77 gəmi satılıb. 2024-cü ilin eyni hesabat dövründə bu say 182 olub. Azalmanın əsas səbəbi kimi ABŞ-ın Çin istehsalı olan gəmilərə qarşı tətbiq etdiyi yeni gömrük tarifləri və məhdudiyyətlər göstərilir. Bu tədbirlər nəticəsində Çin istehsalı olan balkerlərin satışları 2024-cü ilin son rübündə ümumi satışların təxminən 42%-ni təşkil edirdisə, 2025-ci ilin ilk rübündə bu göstərici 33%-ə düşüb.
Bununla yanaşı Yaponiya istehsalı olan balkerlərin satışı artaraq 2025-ci ilin ilk rübündə olan ümumi satışların 53%-ni təşkil edib və bu ölkə bazarda lider mövqeyə yüksəlib. Cənubi Koreya 14% payla üçüncü yerdə qərarlaşıb.
Balkerlərin satış qiyməti də azalıb. Belə ki, istehsal tarixi 2010-cü il olan Panamax tipli (təxminən 80,000 DWT) gəmilərin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 22% azalaraq 18,46 milyon ABŞ dollarından 14,4 milyon ABŞ dollarına düşüb.
Bundan əlavə, Capesize tipli balkerlərin bir illik zaman çarteri (time charter) gəlirləri də azalıb. Belə ki, bu göstərici 2024-cü ilin aprelində gündəlik 26,965 ABŞ dolları olduğu halda, 2025-ci ilin aprelində 22,131 ABŞ dollarına düşüb.
Bu tendensiyalar qlobal gəmiçilik sektorunda davam edən qeyri-müəyyənlikləri və ticarət siyasətlərinin bazara təsirini əks etdirir.
"Seanews.az"