“Green Sepetiba” gəmisi ilk səfərində elektrik avtomobilləri və konteynerləri Braziliya limanlarına çatdıracaq
Aprelin 18-də “COSCO Shipping Heavy Industry”-nin (Dalyan, Çin) gəmiqayırma zavodunda ilk növbədə sellüloz və təkərli yüklərin daşınması üçün nəzərdə tutulmuş çoxməqsədli gəminin adlandırılması və sifarişçiyə təhvil verilməsi mərasimi keçirilib.
“Portnews.ru” Çinin “iMarine” nəşrinə istinadən xəbər verir ki, “Green Sepetiba” adlandırılan gəmi Şanxayda yerləşən “BoCom Leasing” lizinq şirkəti üçün tikilib.
Gəminin uzunluğu 225 metr, eni 32,26 metr, bortunun hündürlüyü 21 metr, dedveyti 22 min ton, sürəti 15 düyündür.
Qeyd edilir ki, bu layihənin gəmilərinin azot oksidi emissiyaları yüksək beynəlxalq “Tier 3” standartlarına, yırğalanma və səs-küy səviyyəsi isə Çin Təsnifat Cəmiyyətinin (“CCS”) bu yaxınlarda qüvvəyə minmiş Ekoloji Təmiz Gəmilər Məcəlləsinin (“GESC”) tələblərinə cavab verir. Gəminin Enerji Səmərəliyi İndeksi (“EEDI”) isə Beynəlxalq Dəniz Təşkilatının (“IMO Faza 3”) tələblərini xeyli üstələyir.
Yeni gəmi Asiya-Cənubi Amerika marşrutu üzrə ilk səfərində gəmi elektromobillər, konteynerlər və digər yükləri Braziliya limanlarına çatdıracaq.
“Seanews.az”