ASCO-da kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) rəhbər heyət üçün kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlimi “Deloitte Azərbaycan” şirkətinin nümayəndəsi Tural Hacıyev aparıb. Təqdimat zamanı kibertəhlükəsizlik sahəsində aktual risklər və qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilib.
Sessiyada dünya gəmiçilik nəhənglərinin kibertəhlükələrə məruz qalması və bunun nəticəsində üzləşdikləri maddi zərərlər misal gətirilib. Bu hadisələrdən çıxarılan dərslər ətrafında müzakirələr aparılıb.
Təlim çərçivəsində “Gəmiçilik sahəsində rəqəmsal innovasiyalar”, “ISO 27001 standartı üzrə yol xəritəsi”, “Şifrə təhlükəsizliyi”, “Sosial mühəndislik hücumları”, “Ofisdə təhlükəsizlik” və “Süni intellektdən qorunma” kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
İnteraktiv formatda keçirilən sessiyada iştirakçıların sualları cavablandırılıb, real nümunələr əsasında tövsiyələr verilib.
Tədbirin sonunda ASCO İdarə Heyətinin sədri Rauf Vəliyev çıxış edərək təlimin əhəmiyyətini vurğulayıb. O, günümüzün ən aktual məsələlərindən biri olan kibertəhlükəsizliklə bağlı bu cür maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsinin vacibliyini qeyd edib və təlimi təşkil edənlərə təşəkkürünü bildirib.