Yunanıstan üçün tikilən “HS Kimon” freqatı dəniz sınaqlarına çıxıb
Fransada Yunanıstanın donanması üçün inşa edilən ilk “FDI” sinifli “HS Kimon” freqatı Fransanın Lorient şəhərində ilk dəniz sınaqlarına başlayıb.
“Ordu.az” fransız gəmi istehsalçısı “Naval Group”un məlumatlarına istinadən xəbər verir ki, gəmi sınaqları, eyni sinifdə Fransa donanması üçün hazırlanan “Amiral Ronarc’h” adlı freqatın sınaqlarında əldə olunan təcrübə ilə daha sürətli və effektiv şəkildə həyata keçirilir.
Dəniz sınaqlarının ilk mərhələsində gəminin hərəkət və naviqasiya kimi platforma sistemləri yoxlanılacaq. İkinci mərhələdə isə döyüş sistemləri və dənizdə dözümlüyü sınaqdan keçiriləcək. Proses Yunanıstan donanmasının nümayəndələri tərəfindən yaxından izlənilir.
“FDI” proqramı çərçivəsində 2025-ci ildə “HS Kimon”un təhvil verilməsi və üçüncü gəmi olan “HS Formion”-un suya buraxılması planlaşdırılır. 2026-cı ildən etibarən Yunanıstan donanması uzunluğu təxminən 122 metr, eni 18 metr, maksimum sürəti 27 knot olan üç çoxməqsədli “FDI” freqatına sahib olacaq.